Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Dünəndən etibarən start götürən  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında növbəti istiqamət Ordubad və Culfa rayonları olub. Gəzinti zamanı iştirakçılar tarixi abidələr,  görkəmli şəxsiyətlərin həyat və fəaliyyətini əks etdirən muzeylərdə olublar.

Qeyd edək ki, tur-aksiya çərçivəsində Bakının 6 rayonundan 160 məktəbli, 18 bələdçi-müəllim Naxçıvana gəlib. Naxcivantv.az xəbər verir ki, aksiya iştirakçıları  füsunkar təbiəti, tarixi abidələri ilə diqqət çəkən Ordubada heyranlıqla tamaşa ediblər. Onlar əvvəlcə 3 nömrəli tam orta məktəbə gəliblər. Diqqətə çatdırılıb ki, üçmərtəbəli məktəb binası 744 şagird yerlikdir. Təhsil ocağında müasir tələblər səviyyəsində maddi-texniki baza yaradılıb. Burada ayrı-ayrı fənn kabinələri və laboratoriyalar mövcuddur.

Sonra Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib.  Bildirilib ki, keçmişdə daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.  Məktəblilər Ordubadın qədim və zəngin tarixini əks etdirən muzeydən zəngin təəssüratlarla ayrılıblar.

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev muzeyində də olan şagirdlərə məlumat verilib ki, burada onun tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər qorunur.

Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də olublar. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat qorunub saxlanılır.

Daha sonra Yusif Məmmədəliyevin ev muzeyində olan iştirakçılara   məlumat verilib ki,  ev muzeyi 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-ə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.

Günün ikinci yarısında isə şagirdlər Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsində də olublar. Tur – aksiya iştirakçlarına  məlumat verilib ki,   türbə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən bərpa edilib və 2016-cı il iyunun 30-da istifadəyə verilib. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilmiş, abidənin orijinallığı qorunub saxlanmışdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 

Sonda Naxçıvanın qədim tarixində mühüm rola malik “Əlincəqala”da olan iştirakçılara əzəmətli qala haqqında dolğun məlumatlar verilib. Bildirilib ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə bərpa olunan “Əlincəqala” tarixi abidəsi 2015-ci il iyunun 17-də burada yaradılmış muzeylə birgə istifadəyə verilib. Qalanını zirvəsində üçrəngli bayrağımız dalğalanır. 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstəən “Əlincəqala” məğrurluq və yenilməzlik rəmzidi.

Qeyd edək ki, tur-aksiya növbəti günlərdə də davam edəcək.

Aygün Hüseynli

NTVxəbər

www.naxcivantv.az