Yolumuz inkişaf, sabitlik və rifah yoludur.

Bu ay 9 fevral tarixdə keçirilmiş seçkilər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çox qədim və zəngin dövlətçilik ənənələrinə malik diyarımızın siyasi tarixində yeni inkişaf mərhələsinin əsasının qoyulması ilə yadda qaldı. 

Əvvəla, onu qeyd edək ki, Ali Məclisə keçirilən seçkilərdə ümumi seçici siyahılarına daxil edilmiş seçicilərdən 190 min 669 nəfərinin, yəni 70,16 faizinin səsvermədə iştirak etməsi seçkilərin demokratik prinsiplər əsasında mütəşəkkil və şəffaf şəkildə keçirilməsi, naxçıvanlıların ictimai fəallığı, siyasi yetkinliyi və yekdilliyi demək idi. Seçkilərdə Yeni Azərbaycan Partiyası namizədlərinin qələbə qazanması isə ümummilli lider Heydər Əliyev ideyalarının daha bir təntənəsidir. Bu siyasi qələbənin zirvəsini isə cənab Vasif Talıbovun parlament seçkilərində seçicilərin böyük etimadını qazanaraq ölkə üzrə namizədlər arasında 94,6 faiz səs toplamaqla ən yüksək nəticə göstərməsi təşkil edir.

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında deputatların açıq səsvermə yolu ilə yekdilliklə cənab Vasif Talıbovu yenidən Ali Məclisin Sədri seçmələri isə təkcə deputatlıq səlahiyyətlərini icra etmək, seçici həvaləsini yerinə yetirməklə onların etimadını doğrultmaq deyil, bütünlükdə, muxtar respublika sakinlərinin dərin inam və sevgidən yoğurulan siyasi iradəsini ifadə etmək idi. Bu, qərinəyə yaxın bir dövrdə ulu öndər Heydər Əliyev ideyalarına söykənərək çətin sınaqlardan qalib çıxan, reallıqları ilə özünü doğruldan bir siyasəti qətiyyətlə müdafiənin növbəti təzahürü idi. 

Tarixi gerçəkliyin işığında 

İctimai-siyasi hadisələrə tarixi gerçəkliyin işığında nəzər saldıqda görürük ki, muxtar respublika tarixində mühüm siyasi əhəmiyyətli hadisə olan Ali Məclisə seçkilər düz 96 il öncə Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvanın muxtariyyət qazandığı günə təsadüf edir. Bunu isə muxtariyyətdən müstəqilliyin inkişaf, quruculuq və sabitlik yoluna gedən yolun uğurlu məntiqi davamı kimi xarakterizə etmək olar. Ermənistanın Naxçıvanı Azərbaycandan qoparmaq kimi məkrli siyasətinə cavab olaraq 1921-ci ilin yanvar ayında keçirilən rəy sorğusu zamanı muxtar respublika əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxmışdı. Məhz Naxçıvan əhalisinin inadlı mübarizəsi muxtar respublikanın bugünkü inkişafı üçün zəmin yaradacaq ərazi statusunu dəqiqləşdirmişdi. Və ümumiyyətlə, siyasi strateji məkan olan Naxçıvan tarixin keşməkeşlərində, təbəddülatlarında dəfələrlə siyasi həmrəylik, birlik nümayiş etdirərək tarixi sınaqlardan üzüağ çıxmışdır.

Ötən əsrin 90-cı illərində Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Lakin iqtisadi tənəzzülə, aclıq və səfalətə, xain ermənilərin diş qıcayaraq aramsız hücum etmələrinə, ölkə rəhbərliyinin ögey münasibətinə rəğmən naxçıvanlılar bugünkü firavan günlərin diləyi ilə sabaha ümidlə baxmış, sınmamış, sarsılmamış, dahi şəxsiyyət Heydər Əliyevin xalqı xilas edəcəyinə inanmışlar. Ulu öndər 1990-cı il 22 iyul tarixdə yüzminlik bir izdiham tərəfindən coşqu və məhəbbətlə qarşılanmışdır. Ümummilli liderin ətrafında sıx birləşməklə xalq-rəhbər birliyinin ideal nümunəsinin əsasını qoyan naxçıvanlılar birlik, həmrəylik, siyasi fəallıq kimi ənənələrə varislik prinsipini bu gün də yaşatdıqlarını sübut etdilər.

Ulu öndər uzaqgörən siyasəti ilə Naxçıvanı yaşamaq uğrunda mübarizədən qalib çıxararaq, məhvolma faciəsindən xilas edərək böyük Vətənin qurtuluş və nicatı naminə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu qədim diyarı layiqli, etibarlı əllərə əmanət etdi. 1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov bu illər ərzində fəaliyyət proqramının görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramını Naxçıvanda dönmədən həyata keçirməkdən ibarət olduğunu dəfələrlə isbat etdi. Ötən illər ərzində bütün sahələrdə qazanılan heyrətamiz uğurlar məhz ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi kimi tarixə həkk edildi. 

Arzular gerçəkləşəndə 

Naxçıvan 1995-ci ildən etibarən məhz ümummilli ­liderin arzuladığı dinamik inkişaf yolu ilə addımlamağa başladı. Qızıl dəyərində olan halal ruzili torpaqlarını insanlara yenidən qaytarıb onları halal zəhmətə, doğma yurd yerinə bağlamaq məqsədilə düşünülmüş siyasəti həyata keçirildi. İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlərin görülməsi, özünüməşğulluq strategiyasının reallaşdırılması ilə muxtar respublikada sosial-iqtisadi inkişafın əsası qoyuldu.

Beş min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələrinin qurulması, yeni artezian quyularının qazılması və kəhrizlərin bərpa olunması bir vaxtlar baxımsızlıq, şərait­sizlik ucbatından ilanmələyən səhralıqlara çevrilmiş torpaqları cana gətirdi. Vaxtilə şoranlıqdan cadar-cadar olmuş “ölü” torpaqlar bol bəhrəsi ilə qaytardı minnətdarlıq borcunu. Bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir. Əvvəllər əhalinin gündəlik tələbatını qismən də olsa, ödəyə bilmək əsas şərt idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail oluruq. Artıq ölkə bazarlarında yetərincə tələbat yaranan yerli məhsullarımız müxtəlif Avropa və Şərq ölkələrinə ixrac edilir, iqtisadi əlaqələr genişləndirilir. İxrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, ­potensial tərəfdaşların tapılması muxtar respublikada sahibkarlıq mühitinin formalaşmasına xidmət edən, düzgün qurulmuş dövlət-sahibkar münasibətlərinin uğurlarıdır. Muxtar respublikada mikrosahibkarlığın, ailə təsərrüfatlarının inkişafına stimul verilməsi əhalinin özünüməşğulluğunun təmin edilməsi, keyfiyyətli, ekoloji sağlam yerli ərzaq məhsullarının istehsal çeşidliliyinə və kəmiyyət artımına nail olmağa xidmət edir. Bu siyasət həm də onu təlqin edir ki, böyük iqtisadi uğurlara gedən yol mikrocəmiyyət sayılan ailədə düzgün iqtisadi idarəetmədən, səmərəli iqtisadi təmərküzləşmədən başlanır. Nəticədə, bu gün diyarımızda 1000-dən çox kiçik və böyük ailə təsərrüfatı fəaliyyət göstərir. Vaxtilə iqtisadi asılılıqdan çökməkdə olan diyarda daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması istiqamətində indi xeyli uğurlar ­qazanılıb.

Bir vaxtlar enerji böhranı nəticəsində muxtar respublikanın həyat ritmi tamamilə pozulmuş, gündüzü qaranlıq zülmətə dönmüşdü. Qonşu ölkələrdən enerji nəql olunsa da, ən mühüm strateji obyektlər belə, normal fəaliyyət göstərə bilmirdi. Belə bir şəraitdə isə təbii ki, heç bir iqtisadi inkişafdan söz gedə bilməzdi. Enerji təhlükəsizliyinin Naxçıvan kimi geostrateji bir məkan üçün nə dərəcədə prioritet məsələ olduğunu siyasi uzaqgörənliklə düşünən muxtar respublika rəhbərinin bu istiqamətdə çoxillik gərgin fəaliyyətinin nəticəsidir ki, hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır. Həqiqətən də, inanılmazdır ki, heç bir daxili enerji resursu olmayan Naxçıvan bu gün enerji ixracatçısına çevrilib. Alternativ enerji mənbələrindən istifadəyə görə dünyada nümunə sayılan muxtar respublikamız Ordubad Su Elektrik Stansiyası istifadəyə verildikdən sonra öz enerji tələbatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcəkdir. Mənfur ermənilər tərəfindən blokadaya alındığına görə illərdir, mavi yanacaq üzünə həsrət qalan bu diyarın 2005-ci ildən etibarən təbii qaza olan tələbatı da ödənilir. Sevindirici haldır ki, çox çətin relyefə malik olan ən ucqar dağ kəndlərimizin sakinləri də daxil olmaqla, bu gün 90 minə yaxın abonent mavi yanacaqla təmin olunur.

Tarixən aqrar profilli məkan kimi qəbul edilən muxtar respublikamız yeni istehsal sahələri yaradılmaqla sənaye diyarına çevrildi. Bu gün artıq burada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi istehsalçıların xarici bazarlara çıxış imkanlarını artırmışdır. Sənayeləşmə prosesi geniş vüsət almış, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalda çeşidliliyə və keyfiyyətliliyə nail olunması xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir. Xatırladaq ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. 2019-cu ilin sonlarında ilk dəfə olaraq muxtar respublikada sənaye məhsullarının istehsal həcmi 1 milyard manatı ötərək xarici ticarət dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb.

1995-ci illə müqayisədə ümumi daxili məhsul istehsalı 64,9 dəfə, sənaye məhsulunun ümumi həcmi 111,1 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 337,6 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 13,2 dəfə, xarici ticarət dövriyyəsi 26,2 dəfə, əhalinin gəlirləri 59,9 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 30,5 dəfə artmışdır. 1995-ci ildən 2019-cu ilin sonuna 97 min 443 iş yeri yaradılmışdır.

Beş milyon manat vəsait hesabına yaradılacaq Şərur Sənaye Məhəlləsi, həmçinin Xalça fabriki kimi yeni prioritet istehsal sahələri muxtar respublikanın iqtisadi və sosial məsələlərinin həllinə, bütövlükdə, onun perspektiv inkişafına mühüm təsir göstərəcəkdir. Həyata keçiriləcək düşünülmüş iqtisadi strategiya muxtar respublikamızın özünə­məxsus inkişaf yoluna görə daha da fərqlənməsinə səbəb olacaq.

Ötən dövrdə Naxçıvanda ixrac potensialının artırılması istiqamətində qazanılan uğurlar, ixrac hesabına son 10 ildə xarici ticarət dövriyyəsində müsbət saldonun yaranması cari ilin muxtar respublikada “İxrac ili” elan olunması ilə nəticələnib. Bu, diyarımızda yeni ixrac imkanlarının yaranmasına, sahibkarların sağlam rəqabət mühiti hesabına öz fəaliyyətlərini daha da genişləndirmələrinə səbəb olacaq. İnvestisiya və innovasiya cəlbediciliyinin uğurlu nəticəsidir ki, muxtar respublikamız ölkəmizin iqtisadi regionlarının investisiya reytinqində 2017 və 2018-ci illərdə ardıcıl olaraq liderlik edib. Bir sözlə, Naxçıvan bütün dünyada daha möhkəm əsaslarla inkişaf edən bir diyara çevrilib.

Muxtar respublika rəhbərinin çox­illik məqsədyönlü siyasi fəaliyyətini səciyyələndirən bir mühüm cəhət də “elm və təhsil inkişaf etmədən heç bir iqtisadi tərəqqiyə, sosial inkişafa, hərbi uğurlara nail olmaq mümkün deyil” aksiomudur.

Elmi inkişafa, güclü elmi kadr potensialının formalaşmasına göstərilən hərtərəfli qayğı 2019-cu il 7 sentyabr tarixli Sərəncam ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması ilə nəticələndi. Bu fond mühüm elmi-tədqiqat proqramları və layihələrinin qrant şəklində maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması, elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, bu potensialın imkanlarından iqtisadiyyatın inkişafında səmərəli istifadə kimi ümdə mərama xidmət edir.

Ötən illərdə aparılan uğurlu gənclər və təhsil strategiyası muxtar respublikada innovasiyaların tətbiqi üçün hərtərəfli şərait yaradıb. Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı elmdə nəzəriyyə ilə təcrübənin çulğalaşmasına, təhsil müəssisəsi ilə gələcək fəaliyyət obyektləri arasında səmərəli əməkdaşlıq mexanizmi yaratmaq yolu ilə dövlət kadr siyasətinin daha da inkişafına nail olmaq baxımından bu gün öz bəhrəsini verməkdədir.

Sosial-iqtisadi, texniki və intellektual potensialın möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması istiqamətində aparılmış irimiqyaslı, kompleks və sistemli işlər innovasiyaların genişlənməsi üçün möhkəm baza yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı isə innovasiya layihələrinin məqsədyönlü axtarışı və reallaşdırılması, elmi nailiyyətlərin və yeni texnologiyaların sahibkarlıq strukturlarına ötürülməsi, investorlar üçün cəlbedici ola biləcək layihələrin hazırlanması, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaq kimi prioritet məsələlərin həllinə xidmət edir.

Müasir informasiya texnologiyalarının geniş tətbiqinə nail olmaq, muxtar respublikanı informasiya blokadasından xilas etmək məqsədilə görülən ardıcıl işlər sayəsində Naxçıvanın hazırda beynəlxalq trans­avroasiya fiber-optik magistrallarına 2, qlobal internet sisteminə 4 tərəfli çıxışı vardır. Ötən il yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu isə, heç şübhəsiz ki, informasiya-məlumatlandırma, təbliğat işinin daha məqsədyönlü və uğurlu təşkilinə öz töhfəsinin verəcək.

Mənfur ermənilərin tarixən əsas hədəflərindən biri, necə deyərlər, iştah dişi Naxçıvan olub. Düşmənlə üz-üzə, özü də blokada vəziyyətində dayanması muxtar respublikada bütün sahələri inkişaf etdirməklə paralel olaraq müdafiə qüdrətini də artırmağı günün aktuallığına çevirib. Ümummilli liderimizin ordu quruculuğu siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələr üçün nümunəvi xidmət şəraitinin yaradılması, güclü maddi-texniki təminat, dövlət-xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırıb. 2017-ci il 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad, ötən il Azərbaycan və Türkiyənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Nəhayət, müzəffər ordumuz “Uğurlu Naxçıvan əməliyyatı” kimi tarixə düşən Günnüt zəfərinə imza atdı, öz döyüş qabiliyyətini ərazidəki hakim yüksəkliklərdə etibarlı müdafiə sistemi qurmaqla təsdiqlədi.

Doğma diyarımızda əldə olunan hərtərəfli inkişafda mühüm rol oynayan başlıca amillərdən biri də burada sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, Naxçıvanın təhlükəsiz, nizam-intizamlı, cinayətsiz regiona çevrilməsidir. Təkcə cinayətkarlığın dinamikasına nəzər yetirəndə 2018-ci illə müqayisədə 2,5 dəfə azalmanın müşahidə olunması buna əyani sübutdur.

Qazanılan uğurlar Naxçıvanın beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsində də mühüm rol oynayır. Tarixi Böyük İpək Yolu üzərində yerləşən bu məkan ölkəmizin, ümumilikdə isə Şərqin əsas tranzit qovşağı kimi bu gün də öz dəyərini qoruyub saxlayır. Ötən il Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında önəmli strateji əhəmiyyətə malik “Dostluq dəhlizi” adlı yeni hava dəhlizinin açılması, bu günlərdə isə Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmiryol nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi ilə bağlı razılaşma əldə edilməsi bu məkanın blokadadan tamamilə xilas olması deməkdir.

Saymaqla bitməyən bu uğurlar doğma Naxçıvanımızın əsrin dörddəbiri kimi tarixi mərhələyə sığmayacaq, dünya siyasət tarixinə blokadada inkişaf modeli kimi həkk olan siyasi mənzərəsinin yalnız müəyyən konturları, başlıca aspektləridir. Bu möhtəşəm uğurlar Heydər Əliyev siyasətinə sadiqliyə, bu ideyaların davamlı gerçəkləşdirilməsi prinsipinə əsaslanır. Ali Məclisin Sədri ötən il ümummilli liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində iştirak edən gənclərlə görüşü zamanı dərinməzmunlu çıxışı ilə bunu bir daha təsdiq etdi. Ali Məclis Sədrinin həmin çıxışı dahi Heydər Əliyev siyasi irsinin və şəxsiyyətinin hərtərəfli elmi-siyasi təhlili, Heydərəliyevşünaslığın siyasi-nəzəri konsepsiyalarının, bu siyasətin müasir müstəvidə yaradıcı şəkildə tətbiq və inkişaf metodlarının ortaya qoyulması ilə əhəmiyyətlidir.

Cənab Vasif Talıbovun 20 ildən artıq bir müddət ərzində Şərqlə Qərbin qovuşağında, Ermənistanla sərhəddə yerləşən, onilliklər boyu mənfur düşmən tərəfindən blokadaya alınan, mühüm geostrateji əhəmiyyətə malik Naxçıvan Muxtar Respublikasına uğurlu rəhbərliyi muxtar respublikamızın ölkə miqyasında siyasi nüfuz, çəki qazanmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını belə qiymətləndirmişdir: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”. Bu tarixi görüş həm də ölkədə idarəetmə sahəsində ciddi islahatların aparıldığı, bu sahədəki mövcud nöqsanlara qarşı sərt mübarizə tədbirlərinin görüldüyü bir vaxtda muxtar respublika rəhbərinin çoxillik siyasi fəaliyyətinin ölkə başçısı qarşısındakı uğurlu hesabatı idi. Məhz muxtar respublikanın sosial-iqtisadi, humanitar sahələrdə əldə etdiyi nailiyyətlərin Azərbaycanın digər bölgələri üçün nümunə gücündə olması, dövlət başçımız tərəfindən də bu fəaliyyətin hər zaman yüksək dəyərləndirilməsi Ali Məclisə seçkilərin nəticələri və ilk sessiyada yekdilliklə cənab Vasif Talıbovun yenidən Ali Məclisin Sədri seçilməsi kimi uğurlu siyasi qələbə ilə nəticələndi. 

Yeni siyasi mərhələ, qətiyyətli başlanğıc 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında çıxış edərək diyarımızı daha böyük uğurlara aparacaq yeni inkişaf mərhələsinin əsas istiqamətlərini diqqətə çatdırmışdır: “Biz qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalaraq Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələri və bununla bərabər, iş yerləri yaratmalı, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.

Büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsinə nəzarət daha da gücləndirilməli, vergi və rüsumların vaxtında ödənilməsi təmin edilməli, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmalıdır. Həmçinin muxtar respublika əhalisinin maliyyə resurslarına çıxış imkanları asanlaşdırılmalı, real sektorun inkişafına yönləndirilən kredit növlərinə üstünlük verilməli, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. Mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilməli, süni qiymət artımının qarşısı alınmalıdır”.

Həmin tarixi çıxışda ərzaq təhlükəsizliyi, sığorta işinin təkmilləşdirilməsi, təbiətin mühafizəsi, ekologiyanın qorunması və yaşıllıqların artırılması, elm və təhsilin inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması, informasiya-məlumatlandırma, təbliğat kimi başlıca hədəflərlə bağlı mühüm tapşırıqlar verilmişdir. Ümumilikdə, muxtar respublikanın davamlı inkişafı üçün mühüm fəaliyyət konsepsiyası irəli sürülmüşdür. 

Naxçıvanı sevərək dünyaya sevdirmək məramı 

Naxçıvan... Nuh Peyğəmbərin həyat izləri qədər qədim və müqəddəs, Əshabi-kəhf ilahi sirli-möcüzəli, Haçadağ ucalıqlı, Möminə xatın sevgi-ehtiramlı, Atabəylər ehtişamlı bu qədim yurdun son onilliklərdə Ana Vətəndən təcrid edilsə də, inkişaf, tərəqqi yolu ilə dönmədən irəliləməsi dünyaya “Naxçıvan möcüzəsi” təəssüratını bəxş edir. Politoloqlar, ictimai-siyasi xadimlər bu möcüzənin sirrini çözməyə çalışırlar. Əslində isə elə bu möcüzənin qeyri-adiliyi də reallığındadır. Bu sirr, möcüzə bir vaxtlar ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, xalqa və doğma torpağa olan, Vətəninə, vətəndaşına, yurduna-yurddaşına olan məhəbbətdir. Naxçıvanı sevərək dünyaya, gəlin etiraf edək ki, elə biz naxçıvanlıların özünə də sevdirmək məramıdır. Muxtar respublika rəhbərinin qayğıkeş çöhrəsində bu məhəbbəti xalqımızın vətənpərvərlik, əyilməzlik, qalibiyyət rəmzi olan, müstəqillik şəfəqlərində yeni hüsnünə qovuşan, müqəddəs üçrəngli bayrağımızın dalğalandığı Əlincə­qalada tarixi yaşatmaq əzmindən doğan sevincdə də, Günnüt zəfərinin qəhrəmanları ilə görüşüb üçrəngli bayrağımızın dalğalandığı Qızıl­qaya yüksəkliyində – düşmən mövqelərini biraddımlıqdaca gözqırpmadan izləyib müdafiənin ön xəttində xidmətin təşkili səviyyəsindən razı qalanda da görmək olar. Bu sevgi ən ucqar dağ kəndinin abadlaşıb füsunkar bir yurd yerinə çevrilməsi sevincini oranın sakinləri ilə bölüşəndə də, ali məktəblərə qəbul zamanı bu bilik sınağından üzüağ çıxan övladlarımızla qürurlananda da, müxtəlif festivallarda halal zəhmət adamının qabarlı əlini sıxıb, yetirib-bitirdiyi, ərsəyə gətirdiyi məhsuluna qiymət verib ruhlandıranda da, bir vaxtlar kölgəsinə sığınmağa bir ağac tapmadığımız, bu gün yaşıllıqlar diyarına, laləzarlığa çevrilən yurdumuzun köksünə körpə fidanlar əkəndə də, canını, sağlamlığını Vətən naminə fəda edənlərin sosial qayğılarını həll etməklə onlara sevinc bəxş edəndə də aydın sezilir. 

Bu sevginin qarşılığını, qiymətini isə naxçıvanlılar budəfəki seçkilərdə də yenidən öz səsi, öz rəyi ilə bildirdi. Bu, muxtar respublika rəhbərinin və sakinlərinin ümummilli lider Heydər Əliyev ideyalarına siyasi sadiqlik əzmini bir daha nümayiş etdirdi. Bu heç də asanlıqla qazanılmayan, hər kəsə nəsib olmayan el məhəbbətidir...

 Mehriban SULTAN
"Şərq qapısı"

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29-03-2020-13-57 Xəbərlər

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bitki rənglərinin faydaları

29-03-2020-11-58 Xəbərlər

Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii...

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

27-03-2020-19-13 Xəbərlər

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qu...

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

27-03-2020-19-08 Rəsmi

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiya...

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

27-03-2020-18-10 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib-VİDEO

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücum...

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

27-03-2020-17-38 Xəbərlər

“Naxçıvanın dünya əhəmiyyətli abidələri” adlı layihə uğurla başa çatıb

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin...

Naxçıvanda sabaha olan hava proqnozu

27-03-2020-16-03 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 28-nə gözlənilən hava proqnozu açıqlanıb....

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

27-03-2020-15-42 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı reyslərinin qaydalarını açıqlayıb

AZAL aviaşirkəti Azərbaycan vətəndaşlarının nəzərinə qeyd-şərtsiz əməl etməli ol...

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

27-03-2020-15-19 Xəbərlər

Şahbuz rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əmək...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

27-03-2020-14-59 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindən NUHÇIXAN-a verilən məlumat...

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

27-03-2020-14-34 Xəbərlər

Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - VİDEO

"Bəzi şəxslər xüsusi karantin rejiminin tələblərini pozaraq müxtəlif yollarla pa...

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

27-03-2020-13-56 Xəbərlər

Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmaları iki dəfədən çox artırmaq mümkündür

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yeni tip koronavirus (COVID-19) infeksiyası r...

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

27-03-2020-12-30 Xəbərlər

Culfada yeni sort olan asılqan göbələyinin yetişdirilməsinə başlanılıb

Göbələk orqanizm üçün olduqca faydalı bir bitkidir. Onun tərkibi vitamin, minera...