Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Bu gün AMEA Naxçıvan Bölməsində görkəmli folklorşünas alim Məmmədhüseyn Təhmasibin 110 illik yübleyi il əlaqədar elmi konfrans keçirilib.

Naxcivantv.az xəbər verir ki, elmi konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq görkəmli alim, istedadlı dramaturq Məmmədhüseyn Abbasqulu bəy oğlu Təhmasibin həyat və fəaliyyəti haqda konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Yusif Səfərov, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri Elxan Məmmədov, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Ələkbər Qasımov “Dastanlarımızın ustad tədqiqatçısı”, “Azərbaycan dastanlarının toplanması, tədqiqi və nəşrində Məmmədhüseyn Təhmasibin rolu” “Məmmədhüseyn Təhmasib və  Azərbaycan kinosu” və digər mövzularda məruzələr ediblər. Vurğulanıb ki, Azərbaycan ədəbiyyatının unudulmaz simaları arasında məşhur folklorşünas alim Məmmədhüseyn Təhmasib xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafında mühüm xidmətlər göstərən Məmmədhüseyn Təhmasib folklorşünaslığın əsasını qoymuş alimimizdir.

Uzun illər ali məktəblərdə dərs deyən alimin şifahi xalq ədəbiyyatının tədqiqində böyük xidmətləri olub. O, mövsüm və mərasim nəğmələrinin toplanıb tədqiq edilməsində önəmli rol oynayıb, “Kitabi Dədə Qorqud”, Azərbaycan xalq dastanları, Cəfər Cabbarlının, Nəsiminin, Nizaminin şifahi xalq ədəbiyyatı ilə bağlılığı, Molla Nəsrəddin lətifələri haqqında elmi əsərlər yazaraq folklorumuzu zənginləşdirib.

Qeyd olunub ki, Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ildə Naxçıvan şəhərində anadan olub. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirən alim 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edib, sonradan isə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam edib. Ədəbi yaradıcılığa 1934-cü ildən başlayan Məmmədhüseyn Təhmasib  1938-ci ildə  “Qaçaq Nəbi” adlı ssenarisini yazmış və “İnqilab və mədəniyyət” jurnalında çap etdirib. Onun “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni adlı filmlər çəkilib. Eyni zamanda “Bahar”, “Aslan yatağı”,

“Çiçəklənən arzular”, “Hind nağılı”, “Rübailər aləmində” və başqa pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulub.

Məmmədhüseyn Təhmasib 1941-1945-ci illərdə ədəbi işçi, eyni zamanda diktor  kimi Azərbaycan radiosunda çalışmış, aydın diksiyalı səsi ilə “Azərbaycanın Levitanı” adını almışdır.

Bildirilib ki, professor aşıq yaradıcılığı haqqında fundamental araşdırmalar aparıb, Azərbaycan folklorunun dastan janrını dərindən tədqiq edən alimlərimizdən biri olub. 1949-cu ildən ömrünün sonunadək  “Koroğlu” dastanı üzərində işləyən alim onu müxtəlif yönlərdən təhlil etmiş, dəfələrlə nəşr edilməsinə nail olub.

Elmi konfransda məşhur filmlərin ssenari müəllifi Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorunun bir fənn kimi tədrisi sahəsində ilk addımlar atan alim olduğu da qeyd olunub.

Vüsal Muradov

NTVxəbər

www.naxcivantv.az