Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində dərman vasitələrinin dövriyyəsi, keyfiyyəti və təhlükəsizliyi məsələləri müzkirə olunub.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil etdiyi tədbirdə əczaçılıq və dərmanların satışı ilə məşğul olan sahibkarlar və mütəxəssislər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əczaçılıq və dərman vasitələrinin reyestri sektorunun müdiri Hacı Əliyev bildirib ki,  əczaçılıq fəaliyyəti “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunları və Səhiyyə nazirinin “Əczaçılıq fəaliyyəti sahəsində normativ sənədlərin təsdiq edilməsi barədə” 2016-cı il 2 oktyabr tarixli əmri ilə tənzimlənir.

Vurğulanıb ki, son illər dərman vasitələrinin dövriyyəsində saxta, mənşəyi məlum olmayan, normativ texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrinə də rast gəlinir. 2016-cı ildə aparılan yoxlamalar nəticəsində aşkarlanan nöqsanlara görə 12 əczaxanaya müvafiq cərimələr tətbiq olunub və 7 əczaxananın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi əhali üçün ən vacib və aktual məsələdir. Muxtar respublikaya xüsusi icazə olmadan dərman vasitələri və tibbi ləvazimatlar gətirən fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək, dərman vasitələrinin qanunsuz dövriyyəsi halları aşkarlandıqda Səhiyyə nazirliyi tərəfindən onlara pərakəndə satış üçün verilən lisenziyaların fəaliyyəti dayandırılacaq və ya ləğv olunacaq.

Dövlət Təhlükəsizliyi Xidmətinin  əməkdaşı Beytulla Fərəcov bildirib ki, muxtar respublikada əhalinin keyfiyyətli dərmanlarla təmin olunmasına ciddi dövlət nəzarəti vardır. Qanunvericiliyin tələblərinə əsasən  Azərbaycan Respublikası ərazisinə idxal olunan dərman vasitələrinin istifadəsi təlimatları, ticarət adı, istehsal edən ölkənin, istehsalçının adı və hüquqi ünvanı, hazırlanma tarixi və seriya nömrəsi, tərkibindəki komponentlər haqqında məlumatlar Azərbaycan dilində əks olun­malıdır. Bu tələblər nəzərə alınmayan dərman vasitələrinin muxtar respublikadakı əczaxanalarda satışı qəti qadağandır.

Dövlət Gömrük Xidmətinin əməkdaşı Azər Hacıyev qeyd edib ki, muxtar respublikaya dərman vasitələrinin idxalı Səhiyyə nazir­liyinin müvafiq icazə sənədi əsasında həyata keçirilir. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün sərhəd-gömrük buraxılış məntəqələrində  ciddi tədbirlər görülüb. 2016-cı ildə müvafiq icazə sənədi olmadan muxtar respublika ərazisinə gətirməyə cəhd göstərən vətəndaşlardan  39 min 293  psixotrop tərkibli dərman vasitəsi saxlanılıb.

Tədbirdə bu sahədə fəaliyyətə ciddi nəzarətin həyata keçiriləcəyi vurğulanıb.

 

                                     Baloğlan Kərimov

NTVxəbər

www.naxcivantv.az