Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

Naxçıvanın turizm potensialını tanıtmaq məqsədilə “Nəqşicahan Holdinq” tərəfindən aprelin 11-dən 14-dək qədim diyara info-tur təşkil edilib.

İnfo-tur çərçivəsində Türkiyə, İran, Kipr, Küveyt və Azərbaycanın müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 220 sahibkar və turizmçi Naxçıvana gəlib.

Onlardan bir neçəsi öz təəssüratlarını “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb.

Hanifi Yıldırım Türkiyə Respublikasının “ASV Lojistik” şirkətinin nümayəndəsidir. Deyir ki, Naxçıvanda  20 il əvvəl olub, ancaq indi çox dəyişib, yeni binalar tikilib, yollar çox rahatdır:

 “Qədim Naxçıvan diyarında olmağımdan qürur hissi keçirirəm. Ötən illərdə Naxçıvan çox sürətlə inkişaf edib, hər şeydən əvvəl sabitlik təmin olunub. Bu da turizmin inkişafı üçün başlıca şərtdir. Təmizliyə isə söz ola bilməz, bu təmizliyi indi bir çox Avropa ölkələrində belə, görmək mümkün deyil. Bu, məni çox sevindirir. Əslən İqdırdanam. Hazırda Ankarada yaşayıram. Mənim ata-babalarım ötən əsrin əvvəllərində Naxçıvandan köçüb Türkiyədə məskunlaşıblar. Buna görə də Naxçıvanı həmişə özümə Vətən saymışam. Naxçıvanla bağlı təəssüratlarım böyükdür. Xüsusilə qeyd etmək istəyirəm ki, burada turizmin inkişafı ilə bağlı böyük işlər görülüb. Öyrəndim ki, Naxçıvanda tarixi abidələrin bərpası və təmiri, yeni turizm obyektlərinin tikintisi diqqətdə saxlanılaraq mühüm layihələr həyata keçirilib. Naxçıvanda kənd yaşayış məntəqələrinin abadlaşdırılması isə məni valeh etdi. Yəni söhbət hər hansı bir kəndə gedən avtomobil yolunun salınmasından deyil, kəndlərin təhsil, səhiyyə, mədəniyyət müəssisələri ilə təmin olunmasından, insanlara rahat yaşamaq və internetə çıxmaq imkanlarının yaradılmasından gedir. Bu mənada, Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır. Yeri düşmüşkən, Duzdağ Fizioterapiya Mərkəzi məni çox valeh etdi. Bu obyekt sağlamlıq turizmi baxımından Naxçıvana çox fayda verə bilər. Artıq gələcək layihələrimizdə bu mərkəzi Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaq və onları bura yönləndirməklə bağlı əməyimizin olacağını düşünürəm. Ümumilikdə götürsək, Naxçıvan təbiəti, tarixi, mədəniyyəti, müasir inkişafı, turizm potensialı, məişəti və qonaqpərvərliyi ilə xeyli sayda turisti qəbul etmək iddiasında və gücündədir. Bu işin təşkilatçılarına da öz minnətdarlığımı bildirmək istəyirəm ki, Naxçıvanı bu cür müasir və yaraşıqlı görmək fürsətini bizə verdi”.

“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

İran İslam Respublikasının “Behparvaz” turizm şirkətinin meneceri olan Emin Ehşeri bildirir ki, Naxçıvana dəvət ediləndə çox sevindim:  

“Şirkətimiz Təbriz şəhərində fəaliyyət göstərir. Doğrusu, ölkələrimiz arasındakı məsafə az olsa da, işlərin çoxluğundan buraya gəlmək arzumu reallaşdıra bilmirdim. Naxçıvanda 1997-ci ildə olmuşdum. O vaxtdan indiyə çox dəyişilib, hətta şəhəri tanımaq olmur. Hara baxırsan, yaraşıqlı binalar tikilib, gözəl parklar, yollar salınıb. İlk növbədə diqqətimi çəkən isə buranın təmizliyi oldu. Bəlkə də, siz çox fərqinə varmırsınız, ancaq kənardan gələnlər bunu o dəqiqə hiss edir. Burada bir çox ünvanlarda olduq. Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olduq, Batabat yaylağını gəzdik, Ağbulağın gözəlliyinə tamaşa etdik, Əshabi-Kəhfi ziyarət etdik. Hər şey mükəmməl və gözəldir. Buna görə də hər il İran İslam Respublikasından xeyli turist gəlir. Naxçıvandan Məşhədə yeni sərnişin qatarının fəaliyyətə başlaması isə hər iki tərəfdən turist axınını gücləndirəcək. Bizi belə bir səfərə dəvət etdiklərinə görə minnətdarlığımı bildirirəm. Çalışacağıq ki, qarşıdakı dövrlərdə iranlı turistlərin Naxçıvana daha çox gəlişini təmin edək”.

“Naxçıvan həm yaşamaq və işləmək, həm də turizmin inkişafı baxımından çox unikal məkandır” - Hanifi Yıldırım

İnfo-tur iştirakçısı İnnara İbrahimova isə “Cənnət bağı” turizm şirkətinin nümayəndəsidir.  O info-turun təşkili və Naxçıvana dəvət edildiyi üçün “Nəqşicahan Holdinq”ə minnətdarlığını bildirdi:

“Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim və zəngin mədəniyyətə malik bir diyarıdır. Müstəqillik illərindən sonra burada görülən işlər, həyata keçirilən quruculuq, abadlıq tədbirləri Naxçıvanın büsbütün dəyişilməsinə, gözəlləşməsinə səbəb olub. Muxtar respublikanın özünəməxsus təbii gözəlliyi və insan zəhməti ilə yaradılmış müasir infrastrukturu bu qədim diyarın gözəlliyini daha da artırır. Yaradılmış şərait Naxçıvanın turizm imkanlarının genişliyini də ortaya qoyur. Buna görə də Naxçıvan bu gün yerli və əcnəbi turistləri yüksək səviyyədə qəbul edəcək potensiala malikdir. İnanıram ki, bura gəlmiş turizm şirkətlərinin nümayəndələri bu imkanları dəyərləndirəcəklər”.

 

 

www.naxcivantv.az