Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanın müdafiə qalası Sədərəkdən reportaj- FOTOLAR

Ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiə qalası rolunu oynayan Sədərək bu gün abadlığın, inkişafın ünvanıdır. Naxcivantv.az-ın əməkdaşları rayon mərkəzi Heydərabadda və Sədərək kəndində olublar.               

Dörd tərəfdən dağlarla sipərlənən Sədərək sözün həqiqi mənasında qalanı xatırladır. Heydərabad qəsəbəsi isə bu qalanın ən ucqar, düşmənlə burun-buruna dayanan nöqtəsidir. Amma adını daşıdığı ulu öndər Heydər Əliyevin  azərbaycançılıq, dövlətçilik siyasətinin işığında inkişaf edən bu qəsəbə sözün həqiqi mənasında abaddır. Abadlığın əsası isə sərhəddən başlayan Sədərəyin ordumuz tərəfindən lazımınca qorunmasıdır. Ulu Dədə Qorqudun “Torpağı əkmirsənsə onu qorumağa, onu qorumursansa əkməyə dəyməz” müdrik fikri öz təsdiqini bu yurd yerinin timsalında tapıb. Bu gün Sədərək həm qorunur, həm də gülüstana çevrilir. Ağrılı-acılı günlər bu diyardan çox uzaqdadır.

Sədərək həm də Azərbaycanın Türkiyə ilə sərhəd olan yeganə rayonudur. Burda fəaliyyət göstərən Gömrük-keçid məntəqəsindən hər gün minlərlə insan istifadə edir. Bu diyar ölkəmizin qərbə açılan qapısıdı. Hazırda Sədərəkdə ən müasir gömrük kompleksi də inşa olunur.

Kənd müəllimi İsmayıl İsmayılbəyli deyir ki, ulu öndərimizin Sədərəyə verdiyi xüsusi önəm nəticəsində burda yeni rayon yaradıldı, rayon mərkəzi Heydərabad qəsəbəsi salındı, rayonun Sədərək və Qarağac kəndləri müasirləşdi, bütün təsərrüfat sahələrinin inkişafı üçün hərtərəfli şərait yaradıldı.

Sədərəyə gəlib torpaq uğrunda şəhid olan Vətən oğullarının uyuduğu xiyabana baş çəkməmək olmaz. Ötən əsrin 90-cı illərində sədərəklilər erməni işğalçılarına qarşı inadla mübarizə aparmış, onlarla sakin son damla qanına qədər döyüşərək şəhid olmuş, qədim yurdu qorumuşlar. İndi bu igidlərin uyuduqları Şəhidlər xiyabanı yaşlı, gənc – bütün sədərəklilərin and yeridir.

Sədərək məktəblərində təhsil alan uşaqların arzusu böyükdür. Sədərək kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nurşən Məmişova iqdisatçı olmaq arzusundadır:

“Mən dərslərimə yaxşı çalışıram ki, gələcəkdə bu vətən üçün xeyirli övlad olam. Yaşadığım bu rayon üçün önəmli işlər görmək istəyirəm. Bu vətənin azadlığı üçün canından keçən şəhidləri yaxşı tanıyıram, mən də çalışacam ki, bu vətənin inkişafı üçün əlimdən gələni edəm”.

Məktəbin gənc müəllimlərindən Qəhrəman Eyvazov isə Naxçıvan şəhər sakini olmasına baxmayaraq Sədərəkdə yaşayıb-işləyir. Vətən sərhəddində gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin keşiyində dayanmağı özünə şərəf bilir:

“Sədərək rayonuna təyinatımı aldım və burada mənzillə təmin olundum. Bütün avadanlıqlarla təchiz olunmuş və müasir standartlara cavab verən məktəbdə bu vətənə xidmət etmək mənim üçün qürurvericidir”.

Rayon məktəblərində şəraitdən söz düşmüşkən qeyd edək ki,  Sədərək kənd 1 nömrəli tam orta məktəbi də müasir binası ilə göz oxşayır. Hansı ki, bu məktəb bir vaxt top mərmilərinin hədəfi olub.

Məktəbin tarix müəllimi Polad Rzazadə də elə bu məktəbdə təhsil alıb. Deyir ki, mən burada təhsil alanda məktəbimiz kifayət qədər şəraitsiz idi:

“Yenidən qurulduqdan olunduqdan sonra məktəb müasir təhsil avadanlıqları, istilik sistemi ilə təchiz olunub. Burada elm və təhsilin inkişafı üçün hər cür şərait vardır”.

Heydərabad qəsəbəsindəki şahmat məktəbində isə gənclər, əsasən də məktəblilər asudə vaxtlarını keçirir, şahmatın sirlərinə yiyələnirlər.

Rayonda həm də 36 müəllimin işlə təmin olunduğu, 118 şagirdin təhsil aldığı yeni uşaq musiqi məktəbi də fəaliyyət göstərir. Şagirdlər əsasən milli musiqi alətlərinə maraq göstərirlər. 30 şagird tar ixtisası üzrə təhsil alır. Məktəbin milli musiqi alətlərindən ibarət ansambılı da mövcuddur.

Sədərəkdə gənc nəslin təlim-tərbiyəsinə hələ lap uşaq yaşlarından başlanılır. Rayonda iki uşaq baxçası da fəaliyyət göstərir.

Adı “Kitabi Dədə Qorqud” dastanında da çəkilən qədim oğuz eli-Sədərəyin sakinləri öz keçmişlərinə, ənənələrinə də qırılmaz tellərlə bağlıdırlar. Sədərək rayon tarix-diyarşünaslıq muzeyi isə Sədərək tarixinin təbliğ edildiyi məkandır.

 Muzeyin fond mühafizi Novruz Əliyev bildirir ki, muzeyə rayonda yerləşən ümumtəhsil məktəblərinin ekskursiyası təşkil olunur, həmçinin açıq dərslər keçirilir.

Sədərəkdə minillərdən bəri formalaşan milli musiqi, sənətkarlıq, mətbəx, folklor, bir sözlə - milli dəyərlər sistemi var. Bu dəyərlərin qorunduğu, təbliğ edildiyi məkanlar isə mədəniyyət müəssisələridir. Bu müəssisələrin daha yaxşı şəraitdə fəaliyyət göstərməsi üçün rayonda yeni Mədəniyyət evi tikilir.

Sədərəyin torpağı, havası qəhrəmanlıq, zəhmət qoxur. Minbir zəhmətlə hasilə gətirilən, yalnız Sədərəyə məxsus şəkildə bişirilən təndir çörəyinin ətri aləmi götürür. Qonağı olduğumuz Nəcibə nənənin bu qədim kulinariya mədəniyyətini necə qoruyub yaşatdığının canlı şahidi oluruq.

Nəcibə nənə deyir ki, mətbəx mədəniyyətimizi yaşatmaq bizim borcudur.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı Kəmalə Əliyeva ilə söhbətimiz zamanı məlum oldu ki, Sədərək rayonunun mədəniyyət kollektivi burada bişirilən çörək növləri ilə “Naxçıvanqala”da keçirilən çörək festivalında da iştirak edib:

“Sədərəyə məxsus olan qilik çörəyinin bir  neçə növü var: kələfətir qilik, çitəmə qilik və sadə qilik. Qiliyin tarixi eradan əvvələ gedib dayanır deyirlər. Çörəyin tapılmadığı zamanlarda gilnən buğdanın qarışımından hazırlanan bir çörək növü olub. Adı elə ordan qalıb – gil-ik. Cızbızlı yaymac isə quzu ətindən bişirilir, əslində deyirlər ki, pizza İtaliyada icad olunub, ama bizim cızbızlı yaymacımız Pizzanın lap qədim variantıdır”.

Rayonda çörək sexi də fəaliyyət göstərir. Burada çörək kürədə bişirilir. Bu da ona xüsusi dad verir.

Sexin işçisi Qadir İmaməliyev deyir ki, burada təndir çörəyi, zavod çörəyi, balaca çörəklər, somun çörəyi, kərpic çörəyi bişiririk. Bizim çörəyimizin fərqi ondadır ki, odda bişir və dadı, xüsusi ləzzəti olur.   Hətta muxtar respublikamızın digər rayonlarından da bura çörək almağa gələnlər olur.

Sədərək kəndinin mərkəzi də 2012-ci ildə abadlaşdırılıb, yeni və müasir görkəm alıb.

Kənd sakini   İsgəndər Qədimov deyir ki, müharibələri də, çətinlikləri də görmüşük, indi də şükür asanlıqları da görürük:

“Bu kəndin keçmişi elə idi ki, qabaqlar burada külək əsəndə, yağış yağanda durmaq olmurdu, toz torpaq, palçıq olurdu. İndi buralar abadlaşdırılıb, park salınıb, hər şey qaydasındadı, dolanışığımız yaxşıdı”.

Kəndin mərkəzində bazar da yaradılıb. Bazarda rayon əhalisi həm istehsal etdikləri məhsulları sata bilir, həm də tələbatlarını ödəmək üçün lazım olan ərzaq və sənaye məhsullarını əldə edirlər.

Rayon əhalisinin əsas məşğuliyyətinə gəldikdə isə şübhəsiz, kənd təsərrüfatıdır. Geniş otlaqlar, bərəkətli torpaqlar və suvarma kanalı burada maldarlığın və əkinçiliyin inkişaf etməsinə səbəb olub. Təkcə ötən il rayon ərazisində 1941 hektar taxıl əkilib və 6301 ton məhsul götürülüb. Bu il isə əkin sahələri bir az da genişləndirilərək 2217 hektara çatdırılıb. Güzəştli texnika və gübrə təminatı, dövlətin kəndli və fermerlərə ayırdığı güzəştli kreditlər  rayon sakinlərini həm sevindirir, həm də torpağa məhəbbətini artırır.

Sədərək həm də qədim üzümçülük ənənələri ilə məşhurdur. Əvvəllər burada hətta şərab zavodu da fəaliyyət göstərib. İndi demək olar ki, bütün sədərəklilərin həyətində üzüm bağı var. Sədərəyin üzümçülük şöhrəti yenidən özünə qaytarılır. Keçirilən iməciliklərdə Heydərabad qəsəbəsinin yaxınlığındakı ərazidə 30 min  üzüm qələmi payızda əkilməsi üçün torpağa basdırılıb.

Vəzir İmamverdiyev bu  işin mütəxəssisidir. Deyir ki, keçən il bizdə məhsuldarlıq yüksək olduğuna görə, bu ildə 30 minə yaxın üzüm qələmi payızda əkilmək üçün torpağa basdırılıb.

Əjdəkan dağının cənub ətəyində salınan bu yurd yerimizin insanları firavan həyat sürür, gələcəyə inamla baxır və gecələri rahat uyuyurlar. Çünki Sədərək etibarlı əllərdədir. Güclü dövlətimiz, qüdrətli ordumuz, vətənpərvər insanlarımız Vətənimizin hər bir qarışının keşikçisidir.  

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2760-nax%C3%A7%C4%B1van%C4%B1n-m%C3%BCdafi%C9%99-qalas%C4%B1-s%C9%99d%C9%99r%C9%99kd%C9%99n-reportaj-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdcc5589b0a3

 

                                                                      Şahmərdan Əhmədli

NTV Xəbər

www.naxcivantv.az