Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda arıçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilib  - FOTOLAR

Naxcivantv.az xəbər verir ki, noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramında qeyd olunur ki, Arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Muxtar respublikada arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır.

Vurğulanır ki, Dövlət Proqramının əsas məqsədi muxtar respublikada yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. 

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı da təsdiq olunub. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki,  Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Qeyd edək ki, Son illər Naxçıvanda arıçılığın inkişafı sahəsində mühüm tədbirlər görülüb, arı ailələrinin sayı artırılıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda muxtar respublikada arı ailələrinin sayı 70 mindən çoxdur. Naxçıvan Muxtar Respublikasının mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür. Tənənəm, Havuş, Tivi, Buzqov, Şurud, Kükü və digər kəndlərin adı ilə tanınan Naxçıvan balı öz dadı, qoxusu, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda qonşu ölkələrdə yüksək qiymətləndirilir. Muxtar Respublikada Arıçılar İctimai Birliyi də yaradılaraq onun fəaliyyəti təmin edilib.

Xatırladaq ki, bu il oktyabrın 15-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları - bal festivalı” böyük maraqla qarşılanıb. Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. 

 

Naxcivantv.az “Arıçılıq məhsulları - bal festivalı”ndan fotoşəkilləri təqdim edir.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/388-ar%C4%B1%C3%A7%C4%B1l%C4%B1q.html?tmpl=component&print=1&layout=default&page=#sigProIdf53eab47ba

 

Xəlil Məmmədli

NTV xəbər

www.naxcivantv.az