Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fotomüsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

Naxcivantv.az xəbər verir ki, “Naxçıvanın turizm imkanları” mövzusunda keçirilən fotomüsabiqəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Rəssamlar Birliyi təşkil edib.
Fotomüsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın turizm imkanlarının təbliğ olunması, bu məsələdə gənclərin fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılması olub.
Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək bildiriblər ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan qədim diyarımızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada sosial-iqtisadi və ekoloji tələblərə cavab verən turizm sektoru inkişaf etdirilməkdədir. Bu sahənin inkişafında gənclərin üzərinə böyük vəzifə düşür.

Çıxış edənlər gəncləri muxtar respublikanın turizm məkanlarının tanıdılmasında aktiv olmağa və həmin məkanların müxtəlif xarici dillərdə sosial şəbəkələrdə tanıdılmasında fəallıqlarını daha da artırmağa çağırıblar. 
Müsabiqədə 24 gənc 76 foto ilə iştirak edib. 
Münsiflər heyətinin qərarına əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Anar Sadiqov qalib adını qazanıb. Universitetin digər tələbələri Hüseyn İmanov və Aytən İsgəndərli müvafiq olaraq ikinci və üçüncü olublar. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Ayxan Əliyev, Naxçıvan Tibb Kollecinin tələbəsi Zabit Süleymanov və Naxçıvan Musiqi Kollecinin tələbəsi İman Qüdrətli isə həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblərə təşkilatçıların diplom, fəxri fərman və hədiyyələri təqdim olunub.

 Ceyhun Məmmədov

"Şərq qapısı"

www.naxcivantv.az