Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçvanın İslam mədəniyyətinin paytaxtı kimi təbliğinə hər kəs öz töhfəsini verməlidir...

Azərbaycan İslam dünyasına dəyərli töhfələr verib.

O dövlətlərdənik ki, İslam dünyasında körpü rolunu oynayırıq. Ölkəmizin İslam Konfransı Təşkilatındakı fəallığı, İslamafobiyaya qarşı mübarizəsi təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəmiz xaricdə İslam dininin təbliğinə böyük önəm verir. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində iş aparır. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması humanist və sülhsevər bir təşəbbüs olmaqla Azərbaycanın İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Prezident İlham Əliyevin bu təşəbbüsü İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq. Bu il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2018-ci il üçün Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam həmrəyliyinə verdiyi  növbəti töhfədir. 

“Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncəmında deyildiyi kimi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsirlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

“İslam Mədəniyyətinin Paytaxı”  layihəsi bütün  İslam aləmini əhatə edən geniş bir platformadır. Hər il İslam ölkələrinin bir şəhərinin məxsusi olaraq seçilməsi onların İslami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. 2005 - ci ildə İslam dünyasının mərkəzi hesab edilən Məkkə şəhərinin paytaxt elan olunması ilə başlayan bu layihəyə Azərbaycan cəmi 4 il sonra qoşuldu. 2009-cu ildə Bakı şəhəri  İslam mədəniyyətinin paytaxtı  oldu. Halbuki İslam dininin Azərbaycandan əvvəl yaranıb təşəkkül tapdığı nə qədər ölkə var ki, onların şəhərləri hələ İslam mədəniyyətinin  paytaxtı  elan olunacağı günü gözləyir. Azərbaycan isə çox az sayda ölkələrdəndir ki, qısa müddətdə onun iki şəhəri  İslam mədəniyyətinin paytaxtı elan olunub. Əvvəldə də qeyd etdiyimiz kimi  bu, ölkəmizin  İslam dəyərlərinin qorunmasına və təbliğinə, İslam həmrəyliyinə verdiyi töhfələrin, dünyadakı nüfuzunun  nəticəsidir.

Bəs Bakıdan sonra  niyə məhz Naxçıvan İslam mədəniyyətinin paytaxı elan olundu? Əvvəla onu deyək ki, Naxçıvan da İslam dünyasının tanınmış şəhərlərindən biridir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilən zaman Azərbaycanın bu qədim diyarının İslam dəyərlərinin qorunub yaşadılmasındakı özünəməxsus rolu əsas götürülüb. Naxçıvandakı  çoxsaylı  İslam abidələrinin – ziyarətgahların, qədim məscidlərin, pirlərin bu günədək qorunub saxlanılması, son illər bərpa olunması ona İslam mədəniyyətinin paytaxtı olmaq haqqını qazandıran amillərdəndir. Muxtar respublika ərazisindəki Əshabi-Kəhf ziyarətgahı hələ İslamdan əvvəl Naxçıvanda təkallahlığa inancın və İslam dəyərlərinin formalaşmağa başladığının sübutudur. Naxçıvanda tarixən mövcud olan təmizlik, milli dəyərlərin qorunmasına göstərilən diqqət, insanların bir-birinə olan inamı Peyğəmbərimizin nəslindən olan insanların da diqqətini cəlb edib. Ona görə də Naxçıvanı özlərinə məskən seçən bu nəslin nümayəndələri elə Naxçıvan torpağında da dəfn ediliblər. İndi tarixi və dini abidə kimi qorunan, son illər bərpa olunaraq abadlaşdırılan İmamzadə kompleksləri buna ən yaxşı nümunədir.  Bu faktlar da Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını şərtləndirən amillərdəndir. Naxçıvan şəhərinin tarixən Şərq-İslam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi qazandığı şöhrət də bu məsələdə öz həlledici rolunu oynayıb. 

Əlbəttə ki, bütün bunlar Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasına kifayət etmirdi. Əgər muxtar respublikada müasir infrastruktur  yaradılmasaydı  Naxçıvanda belə mötəbər bir tədbirin keçirilməsi mümkün olmazdı. Muxtar respublikada yaradılan müasir infrastruktur imkan verir ki, Naxçıvanda beynəlxalq tədbirlər keçirilsin. Naxçıvan artıq beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanıb. 2009-cu ildə burada Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Görüşünün, son illər bir sıra beynəlxalq tədbirlərin keçirilməsi onu deməyə əsas verir ki, Naxçıvan belə tədbirlərə ev sahibliyi etməyə hazırdır. Naxçıvandakı müasir nəqliyyat, yol, otel və digər xidmət infrastrukturu 2018-ci ildə çoxsaylı qonaqların qarşılanıb yola salınmasına imkan verir. Buradakı qədim tarixi abidələr, inşası davam etdirilən böyük məscid kompleksi Naxçıvana gələn qonaqları heyran etməyə bilməz.

Azərbaycan  Prezidenti  İlham Əliyevin sərəncamı ilə yaradılan Təşkilat Komitəsi  2018-ci ilə ciddi hazırlıq tədbirləri həyata keçirir. Təşkilat Komitəsinin ötən il keçirilən iclasında qarşıya mühüm vəzifələr qoyulub. Artıq “İslam Mədəniyyətinin Paytaxtı  Naxçıvan -2018” loqotipi hazırdır və bu ilin əvvəlində təqdimatı keçirilib. Naxçıvanın rəsmi mətbuat orqanlarından öyrənirik ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları hazırlanır.

Naxçıvan türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin bəzilərinin İSESKO-nun siyahısına salınması ilə bağlı iş aparılır. Bu il və gələn il Naxçıvanın dini abidələri, məscid və ziyarətgahları haqqında kitablar da nəşr olunacaq. Naxçıvanda “İslam filmləri həftəsi” nin keçirilməsi, İslam ölkələrinin folklor və rəqs qruplarının iştirakı ilə festivalların, idmançılar arasında isə müxtəlif idman yarışlarının təşkili  nəzərdə tutulub.

2018-ci ilə az qalıb. Gələn il Naxçıvan İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. Bununla bağlı Naxçıvanda tədbirlərin keçirilməsinə başlanılıb. Ancaq bu təkcə Naxçıvanın işi deyil axı. Ölkəmizin müxtəlif dövlət orqanları, nüfuzlu qeyri-hökumət təşkilatları, yaradıcılıq birlikləri də bu işə öz töhfəsini verməli, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı kimi təbliğinə çalışmalıdırlar.

Bəs Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olması bu qədim diyara nə verəcək? Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bunda qazancı nə olacaq? Əvvəla, nəzərə almaq lazımdır ki, İslam Konfransı Təşkilatının tərkibinə daxil olan 52 ölkənin hər birinin nümayəndəsi rəsmi qaydada Naxçıvana gələcək. Eyni zamanda tədbirlərin keçirilməsi zamanı dünya mediasının diqqəti Naxçıvana yönələcək. Bu, Naxçıvanda tarixən formalaşan böyük mədəniyyətin, muxtar respublikanın  zəngin turizm potensialının təbliği baxımından əvəzsiz rol oynayacaq.

Həyata keçiriləcək tədbirlər sayəsində Naxçıvan Muxtar Respublikası 26 illik blokadaya baxmayaraq, bütün dünyada həm yüksək sürətlə inkişaf edən, həm də Azərbaycan xalqının böyük mədəniyyətinin  yaşadıldığı və zaman keçdikcə bu mədəniyyətin daha da zənginləşdirildiyi bir məkan kimi tanınacaq. Bu mənada gələn il Naxçıvan şəhərində keçiriləcək tədbirlər İslam mədəniyyəti tarixində öz dəyərli yerini alacaq Biz bir daha sübut edəcəyik ki, Azərbaycan İslami dəyərlərə sadiqdir, onun hər bir bölgəsi İslam mədəniyyətinin zənginləşdirilməsinə özünəməxsus rəngarənlik vermək iqtidarındadır. 

Tural Səfərov

“Moderator.az”

www.naxcivantv.az