Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Fransanın paytaxtı Parisdə keçirilən böyüklər arasında dünya çempionatında uğurla çıxış edərək bir qızıl və iki bürünc medal qazanmış güləş üzrə Azərbaycan yığmasının üzvləri avqustun 27-də Vətənə qayıdıblar.

Naxcivantv.az xəbər verir ki, mundialda Azərbaycan idmançısı dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, sərbəst güləş yarışlarında 61 kiloqram çəkidə mübarizə aparan Hacı Əliyev bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək qızıl medal əldə edib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, eyni zamanda Azərbaycan sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb.

97 kiloqram çəkidə yarışan digər sərbəst güləşçimiz Aslanbek Alborov ilk dəfə qatıldığı böyüklər arasında dünya çempionatını bürünc medalla başa vurub. Yunan-Roma güləşçilərindən 80 kiloqram çəkidə mübarizə aparan Elvin Mürsəliyev çempionatda üçüncü sırada qərarlaşıb.

Sərbəst güləşçilərimizdən Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq), eləcə də yunan-Roma güləşçilərimizdən ilk dəfə böyüklər arasında dünya çempionatına qatılan İslam Abbasov (85 kq) yarışı beşinci sırada tamamlayıblar.

Yığma komandamızın güləşçilərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri qarşılayıblar. Qarşılanma mərasimində millimizin məşqçiləri və idmançılar jurnalistlərin suallarını cavablandırıblar.

Sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Firdovsi Umudov deyib ki, bu qələbə dövlətimizin, bütövlükdə bütün xalqımızın qələbəsidir. Dünya çempionatında yarışlar gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq güləşçilərimiz əzmlə sonadək mübarizə apardılar və uğurlu nəticələr qazandılar.

Yüksək nəticələr dövlət başçısının ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində əldə edilib. Məşqçi yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Üçüncü dəfə dünya çempionu olduğu üçün sevincinin həddi-hüdudu olmadığını deyən dünya çempionumuz Hacı Əliyev bildirib ki, ilk dəfə bu ada 2014-cü ildə, ikinci dəfə isə 2015-ci ildə layiq görülüb. O deyib: “Bu qələbədə əməyi olan hər kəsə, bizi dəstəkləyən güləşsevərlərə təşəkkürümü bildirirəm. Üçüncü dəfə dünya çempionu olmağımda məşqçilərimin, ailəmin də böyük əziyyəti olub. Növbəti hədəfim 2020-ci ildə Olimpiya çempionu olmaqdır. Çalışacağam ki, növbəti yarışlarda da uğurlu nəticələr göstərim”.

www.naxcivantv.az