Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının muzeylərə ekskursiyaları davam etdirilir.

Naxçıvan Biznes Mərkəzinə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Gənclər Fondunun, “Naxçıvanşünaslıq” Mərkəzinin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin əməkdaşlarına məlumat verilib ki, mərkəzin əsas fəaliyyəti biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi, onların ölkə daxilində və xaricində keçirilən tədbirlərdə  iştirakının təmin edilməsi, yeni istehsal məhsullarının və xalq yaradıcılığı nümunələrinin sərgi-satışının təşkilindən ibarətdir.  Burada, muxtar respublikada istehsal olunan 300-dən çox növdə müxtəlif məhsullar nümayiş etdirilir. Mərkəzdə milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir.

Heydər Əliyev Muzeyinə gələn Təhsil Nazirliyi və TQDK-nın Naxçıvan Muxtar Respublika Reional Bölməsinin əməkdaşlarına Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, hakimiyyət illəri və xalqımız üçün gördüyü işlər barədə ətraflı məlumat verilib. Kollektiv dahi şəxsiyyətin zəngin ömür yolu, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara maraqla baxıblar.

Dövlət Bayrağı Muzeyinə gələn Səhiyyə Nazirliyinin kollektivi muzeyin ekspozisiyasında  tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri haqqında məlumat alıb. Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, suvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, muxtar respublikanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, qədim pul nümunələri ziyarətçilərdə böyük maraq doğurub.

Naxçıvan Dövlət Tarix Muzeyinə gələn Rabitə və Yeni Texnologiyalar Nazirliyi və struktur qurumlarının kollektivlərinə Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət, tətbiqi sənət nümunələri, qədim numizmatika materialları, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları haqqında məlumat verilib. Qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri ziyarətçilərin marağına səbəb olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları böyük dramaturq və mütəfəkkir Hüseyn Cavidin Ev Muzeyi ilə tanışıb olublar. Muzey bələdçisi onun zəngin ədəbi irsi, həyat və fəaliyyəti ilə bağlı dolğun məlumat verib. Sovet represiyasının qurbanı olan Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bir daha vurğulanıb.

Cəlil Məmmədquluzadənin Ev Muzeyində olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarına məlumat verilib ki, muzeydə 1900-dən çox eksponat qorunub saxlanılır. Muzeydə Mirzə Cəlilin şəxsi əşyaları, “Molla Nəsrəddin” jurnalının orjinal nüsxələri, hekayələrinə çəkilmiş illuturasiyalar və müxtəlif əsərləri ilə bağlı yığılan maketlər  nümayiş etdirilir.

Naxçıvan Dövlət Rəsm Qalareyasına gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi burada sərgilənən rəsm əsərləri ilə tanış olublar. Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, Azərbaycanın bir sıra tarixi abidələrinin, görkəmli şəxsiyyətlərinin təsvir olunduğu əsərlər böyük marağa səbəb olub.

Nəbatat bağı ilə tanış olan Gənclər və İdman Nazirliyinin əməkdaşlarına“Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istixanada bir çox nadir, sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər haqqında ətraflı məlumat verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyinə gəliblər. Qonaqlar tərəfindən  xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri mis və saxsı qablar maraqla izlənib.

Cəmşid Naxçıvanskinin ev muzeyində olan Dövlət Statistika Komitəsinin kollektivi məşhur sərkərdənin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər, orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar, Cəmşid Naxçıvanskiyə həsr olunmuş məqalələr və kitablarla tanış olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar,  qəzet, jurnal, xatirə əşyaları  və digər muzey materialları barədə ətraflı məlumat verilib. Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu barədə  məlumatlar da  ziyarətçilərin diqqətinə çatdırılıb.

Bəhruz Kəngərli muzeyində olan Mədəniyyət və Turizm Nazirliyinin kollektivi eksponatlara baxıb, böyük rəssamın rəsm əsərləri ilə yaxından tanış olub. Bildirilib ki, görkəmli realist rəssam Bəhruz Kəngərli bir-birindən dəyərli əsərləri ilə özünəməxsus məktəb yaradıb. Onun milli kaloritli zəngin əsərləri Naxçıvan rəssamlıq məktəbinin əsas yaradıcılıq qayəsini təşkil edir.

“Xan sarayı”-Dövlət tarix-memarlıq, “Mömünə Xatın” və Açıq Səma Altında muzey kompleksində olan Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına məlumat verilib ki, muzeydə 8 zal var, bunlardan biri Naxçıvan xanlarına həsr olub. Muzəyə gələn qonaqlar Naxçıvan Xanlığı  haqqında maraqlı məlumatlar əldə ediblər. Qeyd olunub  ki,  muzeydə 2 mindən artıq eksponat nümayiş etdirilir.

Şahmərdan Əhmədli

NTV Xəbər

www.naxcivantv.az