Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Xəstəxanasında “Mövsümi infeksion xəstəliklər-qripin profilaktikası və müalicəsi, odlu silah yaralanmalarında müasir yanaşma”  mövzusunda konfrans keçirilib.

Naxcivantv.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun tibb heyətinin və Naxçıvan Muxtar Respublikası səhiyyə işçilərinin iştirak etdiyi konfransı MR Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq konfransın məqsəd və mahiyyətindən danışdı.

Konfransda Azərbaycan Respublikası Epidbiomed Şirkətinin baş direktoru Namiq Əliyev “Qripin profilaktikasında vaksinlərin tətbiqi” mövzusunda çıxışında qripin törədiciləri, onların dəyişkənliyi, səbəbi və bu baxımdan xəstəliyin yayılması və epidemiyaları haqqında məlumat verdi, profilaktika və müalicə üsullarından danışdı. O, “Epidbiomed” şirkətinin təqdim etdiyi, Fransanın “Sanoji” şirkətinin istehsalı olan “Vaksiqrip” preparatı, preparatın tərkibi, istehsal forması, müxtəlif yaş qruplarında və populyasiyalarda tətbiqi qaydaları və effektivliyi haqqında  da geniş məlumat verdi. 

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Süleyman Cabbarov öz çıxışında bildirdi ki, vaksinasiya yoluxmaların qarşısını almaq üçün ən səmərəli üsullardan biridir və onun tətbiq edilməsi mütləqdir. Məruzəçi həmçinin MR-da infeksion xəstəliklərə qarşı aparılan mübarizə tədbirlərindən də danışıb.    

Naxçıvan Qarnizonu Hərbi Hospitalının rəisi, tibb xidməti polkovniki, tibb elmləri namizədi Əli Allahverdiyev bildirdi ki,  “Vaksiqrip” preparatı silahlı qüvvələrdə də geniş istifadə olunur və öz səmərəsini verir. Bu yolla aparılan profilaktik tədbirlərin nəticəsində virusa yoluxma halları tezliklə aradan qaldırılır. Bütün bu görülən işlər isə son nəticədə hərbçilərin sağlam ruhda xidmət etmələrinə şərait yaradır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş cərrahı, tibb xidməti polkovniki Mütəllim Həsənov “Odlu silah yaralanmalarında müasir yanaşma” mövzusuna toxundu. Qeyd etdi ki, atəşkəs dövründə erməni silahli qüvvələri tərəfindən atəşkəsin pozulması zamanı, hərbçilərin və hətta hərbi zonada yaşayan əhalinin hədəflənməsi nəticəsində odlu silah yaralanmaları qeydə alınır. Belə yaralanmalarda ilkin tibbi yardımın və cərrahi əməliyyatların qısa zamanda aparılmasının böyük əhəmiyyəti vardır. Bu gün döyüş şəraitində hospitalların dislokasiya yerini dəyişərək, öz fəaliyyətini cəbhəyə yaxın bölgələrdə davam etdirməsi üçün bütün imkanlar mövcuddur. Ancaq tələbat yarandığı şəraitdə mülki xəstəxanaların da bu prosesə qoşulması labüddür. Buna görə də hərbi və mülki sahədə çalışan əməkdaşların fikir və təcrübə mübadiləsi vacibdir. Bu baxımdan hərbi və mülki sahədə çalışan tibb heyətin birgə iştirak etdiyi konfransın böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tibb baş idarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirdi ki, yeni, muxtar respublikada ən müasir tələblərə cavab verən tibb müəssisələri yaradılır, ən ucqar dağ kəndlərində tibb məntəqələri fəaliyyət göstərir. Hazırda Naxçıvanda 500 çarpayılıq Hərbi Hospital inşa olunur. Ən ucqar tabor və bölük mərkəzlərində, döyüş postlarında nümunəvi xidmət şəraiti yaradılıb.

Natiq Əliyev yaradılan şəraitə və konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz dərin minnətdarlığını bildirdi.

Sonda verilən suallara aydınlıq gətirildi.

Təhminə Babayeva

NTV Xəbər

www.naxcivantv.az