Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirin aparıcıları Naxçıvanda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov çıxış edərək deyib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu da kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır. Ədalət Hüseynov ailə təsərrüfatlarının inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Məlumat verilib ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılıb. Festival iştirakçılarına adı dillər əzbəri olan Naxçıvan məhsulları – Nehrəm pendiri və qatığı, Ordubad alanası, sucuğu, cəvizi, Şərurun müxtəlif çeşidli ət və balıq məhsulları, meyvə araqları, Sədərək çörəyi, Şahbuz qaymağı və xaması, Qıvraq badamı, Naxçıvan qovurması, mürəbbə və şirniyyatları, eləcə də lavaşalar, turşular, meyvə şirələri təqdim olunub.

Festivala çıxarılan bütün məhsulların qablaşdırılması onlara olan tələbatı daha da artırır. Artıq Nehrəm kəndindəki “Xalaoğlu” ailə-fermer təsərrüfatının yeni yaradılmış istehsal sahələrində 15 formada tara istehsalı həyata keçirilir. Bundan başqa müəssisədə ailə təsərrüfatlarının sifarişləri qəbul olunur və tələbata uyğun tara istehsalı aparılır.

Bu il festivalda ailə təsərrüfatlarının istehsalı olan müxtəlif əl işləri də nümayiş olunub. Ağacişləmə və toxuculuq nümunələri, duzdan hazırlanmış müxtəlif fiqurlar, təndirlər, Şərur rayon sakini Sirus Novruzovun hazırladığı dekorativ tətbiqi sənət nümunələri, xüsusilə də heyvan və quş fiqurları maraqla qarşılanıb.

Festivalda milli mətbəx nümunələrimiz – çörək bişirilməsi, nehrə yağının, yarma və daş küftənin hazırlanması əyani şəkildə göstərilib.

Naxçıvan təbiətinin nemətlərindən olan, Günnüt, Havuş, Keçili, Kükü, Boyəhməd, Tivi və digər kəndlərdən yığılan dərman bitkiləri – kəklikotu, qantəpər, yarpız, solmazçiçəyi, dağ nanəsi, şirinbiyan, eləcə də yabanı giləmeyvələr – yemişan, həmərsin və onlardan hazırlanmış müxtəlif məhsullar qablaşdırılaraq festivala çıxarılıb. Tarixən Naxçıvan Muxtar Respublikasının ərazisində meyvə qurutma geniş inkişaf edib. Hazırda muxtar respublikada bu ənənə yaşadılır, meyvəqurutma sahəsində qazanılan qədim təcrübə tətbiq edilir. Naxçıvan mətbəxində də geniş istifadə olunan alça, göycə, ərik, tut və digər meyvə quruları qablaşdırılaraq nümayiş olunub.

Naxçıvanda ailə əməyinə əsaslanan təsərrüfatlar min illər ərzində yaranıb, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə yüksəliblər. Torpaqla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahənin xalqımızın həyatında nə qədər mühüm rol oynamasının təzahürüdür. Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox hey¬vandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərirlər. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.

Naxçıvan şəhər sakini Sevda Cabbarova, Şərur rayon sakinləri, dərman bitkiləri istehsal edən Namiq Musayev, təbii araqlar hazırlayan Müqabil Zamanov, Nehrəm kənd sakini, müxtəlif növdə doşab, pendir və turşu istehsal edən Tofiq Abutalıbov, badamçılıqla məşğul olan Çalxanqala kənd sakini Şahzadə İsmayılov, alma və üzüm sirkəsi istehsal edən, qovut, əriştə və müxtəlif mürəbbələr hazırlayan Kırna kənd sakini Çiçək Bayramova ailə təsərrüfatlarının inkişafı üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Ordubad rayonunun Ələhi kənd sakini, nümunəvi ailə təsərrüfatı sahibi Yaşar Həbibov festivala 33 adda məhsul çıxarıb. Xüsusilə tutdan hazırladığı araq və doşablar, müxtəlif turşular, Ordubad mürəbbələri, dərman bitkilərindən istehsal etdiyi müalicəvi araqlar, çayır cövhəri yüksək keyfiyyəti ilə seçilir.

Yaşar Həbibov minnətdarlıq edərək deyib: Muxtar respublikada insanların rahat yaşaması üçün bütün imkanlar var. Ailə təsərrüfatlarının inkişafı, bu sahəyə göstərilən dəstək bunu bir daha təsdiq edir. Abad kəndlərimiz, rahat yollarımız var. Məhsullarımızı heç bir çətinlik çəkmədən bazara çıxara bilirik, keçirilən festivallarda iştirak edirik. İstehsal olunan məhsullarımızın qablaşdırılması onlara olan tələbatı daha da artırıb. Bu da bizi həvəsləndirir, daha çox məhsul istehsal edirik.

Hərbi xidmətdə olan nəvəsini görmək üçün Naxçıvan şəhərinə gələn Hacıqabul rayon sakini Yaqub Teymurbəyli ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: Ulu Öndərimizin vətəni Naxçıvanın inkişafı, tərəqqisi məni çox qürurlandırır. Nəvəm muxtar respublikada hərbi xidmətdədir. İstər Naxçıvanda insanların yaşayışı, istərsə də övladlarımızın hərbi xidmət keçməsi üçün hər cür şərait yaradılıb. Naxçıvandakı sabitlik, inkişaf və tərəqqi ən böyük vətənpərvərlik nümunəsidir.

Ali Məclisin Sədri ailə təsərrüfatlarına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib, ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixrac imkanlarının yaradılması, həmin məhsulların kənd təsərrüfatı məhsulları və bayram yarmarkalarında, şəhər və rayon mərkəzlərindəki mağazalarda, kəndlərdəki xidmət mərkəzlərində, eləcə də ölkəmizin digər bölgələrindəki “Naxçıvan məhsulları” mağazalarında satışının təşkili, muxtar respublikanın bütün rayonlarında ailə təsərrüfatı festivallarının keçirilməsi və nümunəvi ailə təsərrüfatlarını iş təcrübəsinin yayılması barədə tapşırıqlar verib.

Festival noyabrın 11-dək davam edəcək, iştirakçılar arasında “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Geriyə
İrəli