Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvanda aparılan işlər çox yüksək qiymətə layiqdir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin ”.

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Yaşayış məntəqələrində həyata keçirilən tədbirlər həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının və insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Bu il Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılıb, kənd muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olub.

Qazançı kənd tam orta məktəbinin binası istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək deyib ki, muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olub, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi sadəcə şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçün məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “İnsanın cəmiyyətdə özünə yer tutması məktəbdən başlanır”, – fikrini xatırladaraq deyib: Şagirdlərin gələcəkdə cəmiyyətdə layiqli yer tutması onların bu gün məktəbdə necə formalaşmasından və təhsil almasından asılıdır. Hər bir gənc özünə peşə seçməlidir. Çünki məktəbi bitirən gənc peşə sahibidirsə, onda o, cəmiyyət üçün də, ölkəsi və ailəsi üçün də yararlı vətəndaş olacaqdır. Bu gün Qazançı kənd tam orta məktəbində yaradılan şərait qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Müəllimlər şagirdlərə yaxşı təhsil verməli, gənclərimiz isə özlərini gələcəyə hazırlamalıdırlar.

Ali Məclisin Sədri deyib: Qazançı kənd tam orta məktəbinin nailiyyətləri vardır. Son illərdə ali və orta ixtisas məktəblərinə qəbulda məktəb 100 faizlik nəticə göstərib. Ali məktəblərə qəbul olmuş 23 gəncin 15-i müəllim peşəsini seçib. Tələbə adını qazanan məzunların içərisində yüksək bal toplayanlar da var. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseyə, orta ixtisas və peşə məktəblərinə də qəbul olunublar.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb və yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 216 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, kitabxana və idman zalı vardır.

Muxtar respublikanın məktəblərində yaradılan kitabxanalar şagirdlər üçün hərtərəfli mütaliə imkanları açır. Qazançı kənd tam orta məktəbinin kitabxana fondunda da 970-i dərslik və 1190-ı bədii ədəbiyyat olmaqla, 2160 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb.

Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq məktəbin şagirdlərində hərb sənətinə marağı artırıb.

Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.

Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında interaktiv dərslərin keçirilməsi tarixi mədəni irsimiz və görkəmli şəxsiyyətlərimiz haqqında məlumatların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məktəbə baxış zamanı Naxçıvanqala Tarix-Memarlıq Muzeyi ilə muxtar respublikanın bütün ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilib.

Ali Məclisin Sədri şagirdlərin idman yarışlarında iştirakının təmin olunması, şahmat dərslərinin tədrisində elektron lövhələrdən, kompüterlərdən və elektron dərsliklərdən istifadə olunması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında keçirilən nümunəvi və interaktiv dərslərin davam etdirilməsi barədə tapşırıqlar verib.

Müəllimlər otağında pedaqoji kollektivlə görüşən Ali Məclisin Sədri deyib: Məktəb binasında yaradılan şərait bütün fənlər üzrə tədrisin səmərəli təşkilinə imkan verəcəkdir. Artıq müəllimlər tədris zamanı heç bir çətinliklə qarşılaşmayacaqlar. Ona görə də şagirdlərə biliklər dərindən öyrədilməli, onların hazırlığına diqqət artırılmalıdır. Şagirdlər yalnız seçdiyi ixtisasları əhatə edən fənləri deyil, digər fənləri də bilməlidirlər.

Məktəbin müəllimi Günel Süleymanova minnətdarlıq edərək deyib: Muxtar respublikada digər sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Yeni məktəblər tikilib istifadəyə verilir, təhsil müəssisələri ən müasir informasiya texnologiyaları ilə təmin olunur. Bir vaxtlar lövhədə yazmaq üçün təbaşir tapılmayan məktəblərimizdə indi dərslər elektron lövhə vasitəsi ilə tədris edilir. Bir sözlə, Naxçıvan təhsili son 20 ildə 100 illik inkişaf yolu keçib. Günel Süleymanova yaradılanlardan səmərəli istifadə edəcəklərinə, bilikli gənclər yetişdirməklə etimadı doğruldacaqlarına söz verib.

Məktəbin həyətində müəllimlər və şagirdlər üçün bufet tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıqlar salınıb.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Geriyə
İrəli