Şərur rayonu qədim tarixə malikdir.

Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürüb, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırıblar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

NUHÇIXAN xəbər verir ki, dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri muzeyin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi ümummilli liderimiz Heydər Əliyevin 1980-ci ildə rayonlarda Tarix-Diyarşünaslıq Muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən yaradılıb. Ötən dövrdə muzeyin fondu eksponatlarla zənginləşdirilib. Muzeyin fondunda 7 mindən artıq eksponatın olması Şərur rayonunun qədim tarixə və zəngin mədəniyyətə malik olmasının göstəricisidir. Şərur rayonu ilk insan yaşayış məskənlərindəndir. Rayonda Qazma mağarası, Oğlanqala, Qız qalası, Maxta Kültəpəsi və digər tarixi yerlər bu ərazilərin ilk insan yaşayış məskəni olduğunu sübut edir. Bunun nəticəsidir ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində bütün tarixi inkişaf dövrlərinə aid eksponatlar mövcuddur.

Ali Məclisin Sədri deyib: Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini özündə yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır. Fəaliyyət göstərdiyi dövrdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də minlərlə ziyarətçi qəbul etmiş, bu ərazinin tarixi haqqında insanlara ətraflı məlumat verilmişdir. Yaradılan şərait muzeyin fəaliyyətinin daha da genişlənməsinə, eksponatlarla zənginləşdirilməsinə və ziyarətçilərin artmasına imkan verəcəkdir. Bu gün muxtar respublika sakinlərinin təşəbbüsləri ilə evlərdə olan eksponatlar muzeylərimizə təqdim olunur, muzey fondları zənginləşdirilir. Evlərdə saxlanılan eksponatların muzeylərə təqdim olunması tarixi-mədəni irsimizin qorunmasına və daha geniş formada təbliğinə imkan verir.

Ali Məclisin Sədri muzeylərə eksponatlar təqdim edən sakinlərə təşəkkürünü bildirib.

“Milli mədəniyyət nümunələrimiz muzeylərdə qorunaraq gələcək nəsillər üçün saxlanılır”, – deyən Ali Məclisin Sədri bildirib ki, muzeylərimiz daim zənginləşdirilməli, qorunmalı, eksponatlar qeydiyyata alınaraq dövrləşdirilməlidir. Eyni zamanda, muzey işçiləri o yerin və muzeylərdəki eksponatların tarixini öyrənməli, gələn ziyarətçilərə ətraflı məlumat verməlidirlər. Xalqımızın qədim və zəngin tarixi vardır. Tariximiz isə muzeylərdə yaşayır. Bu mənada muzeylərimiz həm də qürur mənbəyimizdir. Dövlətimiz tərəfindən muzeylərin fəaliyyəti üçün lazımi tədbirlər görülür, proqramlar qəbul olunur, muzeylər yenidən qurulur və eksponatlarla zənginləşdirilir, muzey işçilərinin maddi rifah halları yaxşılaşdırılır. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də dövlət vəsaiti hesabına qurulub, muzey fonduna yeni eksponatlar daxil edilərək dövrləşdirilib, muzey işçilərinin əməkhaqları artırılıb. Muzey işçiləri də yaradılan şəraitdən düzgün istifadə etməli, muzey işini, rayonun, eləcə də eksponatların tarixini öyrənməli, ziyarətçilərə dolğun və ətraflı məlumat verməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə, Şərur rayonunun tarixinin muxtar respublika tarixinin bir hissəsi kimin öyrəniləcəyinə və qorunub saxlanılacağına əminliyini bildirib, muzey işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, muxtar respublikada geniş vüsət almış abadlıq-quruculuq tədbirləri mədəniyyət sahəsini də əhatə edib. Qədim diyarımızda tarixi abidələrin bərpası, yeni muzeylərin yaradılması, musiqi məktəblərinin inşası, teatrlara və musiqi kollektivlərinə göstərilən diqqət və qayğı bunun bariz ifadəsidir. Ali Məclis Sədrinin mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin bərpası və öyrənilməsi, elmi konfransların keçirilməsi, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və ev muzeylərinin yaradılması ilə bağlı imzaladığı fərman və sərəncamlar mədəniyyətimizin inkişafına mühüm töhfədir. Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canladırılması, muzey şəbəkələrinin genişləndirilməsi sahəsində də mühüm işlər görülür. Yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir və internet saytları istifadəyə verilir. Hazırda muxtar respublikada fəaliyyət göstərən 30 muzeydən 17-si son 20 ildə yaradılıb. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova göstərilən diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Muzeyin direktoru Hüseyn Talıbov deyib ki, tarixi öyrənmək, tədqiq və təbliğ etmək milli varlığı qorumağın əsas şərtidir. Bu gün istifadəyə verilən Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim yaşayış məntəqəsi olan Şərurun tarixini bu günə daşıyan, qoruyub-saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsi kimi mühüm əhəmiyyət daşıyır. Yaradılan şərait işimizi günün tələbləri səviyyəsində qurmağa imkan verəcəkdir. Şərur rayonuna xüsusi yaraşıq verən bu gözəl binanı – Rayon Tarix-Diyarşünaslıq Muzeyini yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində şərurlulara böyük hədiyyə kimi qəbul edirik. Hüseyn Talıbov muzey işçiləri və muzeyin gələcək ziyarətçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra muzeyə baxış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində bələdçi, baş fond mühafizi, zal nəzarətçisi, fond, eksponatların bərpası otaqları, ikinci və üçüncü mərtəbələrdə isə ekspozisiya zalları yerləşir. Muzeydə Şərur rayonunun tarixini, mədəniyyətini, etnoqrafiyasını və təbiətini əks etdirən 7 mindən çox eksponat vardır.

Bərpaçı Məlahət Həsənova muxtar respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması sahəsində görülən işlərə görə minnətdarlıq edib.

Ekspozisiyada ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şərur rayonuna səfərlərinin fotoları, Naxçıvan Muxtar Respublikasının və Şərur rayonunun inzibati-siyasi xəritəsi sərgilənir. Qazma mağarası, Ovçular təpəsi, Maxta Kültəpəsi, Qız qalası, Qarasu qalası, Oğlanqala abidələrinin fotoları, bu abidələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri – daş süxurlar, obsidianlar, daş, tunc və misdən hazırlanmış əmək alətləri, silahlar, etnoqrafik materiallar, rayon ərazisində istifadə olunmuş sikkələr muzeyin eksponatları sırasında saxlanılır və nümayiş etdirilir. Həmçinin ekspozisiyada XIX-XX əsrlərdə rayon ərazisində istifadə olunmuş məişət əşyaları və kənd təsərrüfatı alətləri, Şərur rayonun kəndlərində, o cümlədən Günnütdə toxunmuş xalçalar, Şərurun tanınmış şəxsiyyətləri və şəhidləri haqqında məlumatlar və fotolar, “Şərur” Xalq Yallı Ansamblının qazandığı mükafatlar, Şərur rayonuna aid kitab və qəzetlər də ziyarətçilərə təqdim edilir.

Binanın zirzəmisində qazanxana, fond və texniki otaqlar vardır. Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Ali Məclisin Sədri muzey fondunun və ekspozisiyanın zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Naxçıvanda müşavirə keçirilib
Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə rəis təyin edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Geriyə
İrəli