Qıvraq qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı dinamik əhali artımı ilə müşahidə olunur. Bu da məskunlaşmanın artmasına və yeni yaşayış məntəqələrinin yaranmasına səbəb olub. 15 il bundan əvvəl yaradılan Kəngərli rayonu da ötən dövrdə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib.

NUHÇIXAN xəbər verir  ki, martın 7-də Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Qıvraq qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirib, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd edib. Bina haqqında ətraflı məlumat verən Hicran Rüstəmov göstərilən qayğıya görə inşaatçılar adından minnətdarlıq edib, bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını bildirib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək deyib ki, Kəngərli rayonu sürətli inkişaf və yüksəliş yolu keçərək müasir mərhələyə gəlib çatıb. Bir vaxt boş çöllərdən ibarət olan bu ərazilər indi şəhər görkəminə qovuşub. Ötən dövrdə Kəngərli rayonunun bütün kəndləri və Qıvraq qəsəbəsi kompleks abadlaşıb, inzibati binalar tikilib, 79,9 kilometr yeni yol salınıb, 6 körpü, 2 meqavatlıq Günəş Elektrik Stansiyası qurulub, tarixi abidələrimizə, eləcə də dünya əhəmiyyətli memarlıq nümunəsi olan Qarabağlar Türbə Kompleksinə ikinci həyat verilib. Kəngərli rayonu yaranandan bu günədək tikinti- quruculuq işləri rayon mərkəzi ilə yanaşı, kəndləri də əhatə edib, 5382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Rayon ərazisində 5 su nasos stansiyasının, eləcə də 1140 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin qurulması, Böyükdüz kəndində toxumçuluq təsərrüfatının yaradılması yüzlərlə hektar əkilməyən torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına səbəb olub. Son illərin quruculuq ünvanları olan müasir sənaye kompleksi və sement zavodu isə ölkəmizin mühüm sənaye obyektləri sırasındadır. Həm sənaye müəssisələrində, həm də son illər Kəngərli rayonunda qurulan onlarla kiçik istehsal və xidmət sahələrində yüzlərlə iş yeri açılıb. Qıvraq qəsəbəsində tikilən 7 mərtəbəli yaşayış binası da insan amilinə, əhalinin firavan yaşamasına verilən dəyərin ifadəsidir. Müasir Kəngərli Azərbaycan dövlətinin bir rayonun timsalında iqtisadi gücünün və sosial dayanıqlığının, insan amilinə hərtərəfli qayğısının göstəricisidir. İcra başçısı göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Kəngərli rayonunun yaranmasından 15 il ötür. Azərbaycan Respublikası Prezidentinin imzaladığı Azərbaycan Respublikasının 2004-cü il 19 mart tarixli Qanununa əsasən yaradılmış rayon ötən 15 il ərzində böyük inkişaf yolu keçmişdir.

Ali Məclisin Sədri Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü münasibətilə sakinləri təbrik edib, rayonun inkişafında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Ötən 15 ildə Kəngərli rayonunun əsas inkişaf göstəricilərindən biri əhalisinin sayının 7 min nəfərə yaxın artaraq 32 minə çatması olmuşdur. Bundan başqa rayonda sənaye məhsulu 16 dəfə, kənd təsərrüfatı məhsulu 7 dəfə, investisiya qoyuluşu 50 dəfə, rabitə xidmətlərinin həcmi 7 dəfə, əkin sahəsi isə 54 faiz artmışdır. Bütün bunlar rayonun inkişafının göstəriciləridir. Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır.

Ali Məclisin Sədri deyib: Rayonun yaradılması və inkişaf etdirilməsi üçün uzun illər tələb olunur. Lakin yaranmasından qısa müddət keçməsinə baxmayaraq Kəngərli rayonu tam formalaşmış və inkişaf etmişdir. Rayonun yaranmasının 15-ci ildönümündə 48 mənzilli yeni yaşayış binasının istifadəyə verilməsi mühüm nailiyyətdir və rayonun yubileyinə layiqli töhfədir. Binanın ilk sakinləri Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirmiş və sağlamlığını itirmiş şəxslərdir. Bu da mühüm əhəmiyyət daşıyır. Çünki dövlət qayğısı ilə tikilmiş binanın ilk sakinləri dövlət qarşısında xidməti borclarının ləyaqətlə yerinə yetirmiş insanlardır.

Ali Məclisin Sədri mənzillə təmin olunan sakinləri təbrik edərək deyib: Bu gün Kəngərli rayonunun ictimai-siyasi həyatında fərqlənənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ötən dövrdə rayonun formalaşmasında və inkişafında xidməti olanların əməkləri yüksək qiymətləndirilmiş, onlar orden, medal və fəxri adlarla təltif olunmuşlar. Rayonun formalaşmasında hər bir sakininin əməyi vardır. Dövlət qayğısı və birgə fəaliyyət rayonun inkişafını təmin edib.

Ali Məclisin Sədri rayonun inkişafında əməyi olan bütün sakinlərə təşəkkür edib, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və əminliyini bildirib ki, Kəngərli rayonu bundan sonrakı yubileylərini də yüksək inkişaf göstəriciləri ilə qeyd edəcəkdir.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan binada 48 mənzil var. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 93 və 78, ikiotaqlı mənzillərin ümumi sahəsi 59 və 62 kvadratmetrdir. Mənzillər müasir kommunal şəraitlə təmin olunub, hər birinə daimi su xətti çəkilərək zirzəmidə 2 ədəd 8 tonluq su çənləri qoyulub, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Binanın həyətində abadlıq işləri aparılıb, istirahət guşəsi yaradılıb, 1500 metr uzunluğunda yeni avtomobil yolu salınıb, 1510 metr su xətti çəkilib, 250 kilovoltluq transformator yarımstansiyası, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Zirzəmidə mühəndis-texniki tələblərə uyğun inşa olunmuş mülki müdafiə və səfərbərlik ehtiyatı anbarı yerləşir. Həmçinin burada xidmət mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları, çəkməçi dükanları vardır. Burada 6 sakin işlə təmin olunub.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Naxçıvanda müşavirə keçirilib
Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə rəis təyin edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli