Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə festival iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay açılış tədbirində iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə iştirakçıları təbrik edib, şahmatçıları və qonaqları salamlayaraq deyib: Azərbaycanda tarixən şahmat geniş yayılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə şahmat daha da inkişaf etdirilmiş, bu idman növü gənc nəslin intellektual potensialının formalaşdırılmasına öz töhfəsini vermişdir.

Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan o ölkələrdəndir ki, şahmat dövlət səviyyəsində himayə olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Hər il muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi isə Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevirmişdir. Artıq muxtar respublikada reytinqli şahmatçılar yetişir. Hazırda Naxçıvanda bir qrossmeyster, iki beynəlxalq şahmat ustası, üç FİDE ustası, bir beynəlxalq hakim və bir FİDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülmüşlər.

"Hər il olduğu kimi, bu il də “Naxçıvan - 2019” Beynəlxalq Şahmat Festivalı iştirakçılarının kütləviliyi ilə fərqlənir", - deyən Ali Məclisin Sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə və şahmatçıların ölkələrini layiqincə təmsil edəcəklərinə əminliklə “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalını açıq elan edib, idmançıların hər birinə qələbə arzulayıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək deyib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının gücləndirilməsi və bu sahədə qazanılan nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə digər idman növləri kimi, şahmat da inkişaf edib. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də idmanın, o cümlədən şahmatın inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dünyada şahmatın inkişafına dair Dövlət Proqramı qəbul edən ilk ölkədir. Bu, şahmatın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Artıq gənclərin zehni inkişafında mühüm vasitə olan şahmat ölkəmizdə çox sevilən idman növünə çevrilib. Azərbaycanda şahmat üzrə yüksək səviyyəli beynəlxalq turnirlər, o cümlədən Naxçıvanda Ulu Öndərin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalı keçirilir.

Azərbaycan Respublikası Şahmat Federasiyasının sədri Elman Rüstəmov çıxış edərək deyib ki, ulu öndər Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə şahmatın inkişafına dövlət səviyyəsində qayğı göstərib. Dahi rəhbərin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanda digər sahələrlə yanaşı, şahmatın da davamlı inkişafına, tədrisinə və kütləviliyinə səbəb olub. Bu gün Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır. Kişi və qadınlardan ibarət milli komandalarımız beynəlxalq şahmat yarışlarında uğurlar qazanırlar. Eyni zamanda Azərbaycanda şahmat üzrə mötəbər beynəlxalq yarışlar keçirilir. 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun, 2016-cı ildə isə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi, eləcə də hər il ənənəvi olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalının təşkil edilməsi bunu bir daha təsdiq edir. Bu gün Naxçıvanda yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir. Azərbaycan Respublikasının Şahmat Federasiyası ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası arasında əlaqələrin gücləndirilməsi isə perspektivli şahmatçıların üzə çıxarılmasına töhfə verir. Elman Rüstəmov muxtar respublikada şahmatı hərtərəfli himayə etdiyinə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Gülkız Tülay Naxçıvanda olmaqdan və şahmat festivalının təşkilindən böyük məmnunluq duyduğunu bildirərək deyib: "Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə onun vətənində keçirilən beynəlxalq şahmat festivalı mühüm əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı əlaqələrin uğurlu inkişafı bir çox sahələrlə yanaşı, idmanı da əhatə edir. Xüsusilə şahmat sahəsindəki əməkdaşlıq məmnunluq doğurur. Türkiyədə şahmat inkişaf edir. Bu işdə Azərbaycan şahmatçılarının, şahmat müəllimlərinin və ustalarının böyük əməyi vardır. Naxçıvandakı şahmat məktəbləri örnək və nümunə kimi qəbul edilir. Ona görə də Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq səviyyədə tanıdılmalı və təbliğ olunmalıdır".

Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov deyib ki, Naxçıvanda şahmat festivalı yüksək səviyyədə təşkil olunur. 9 ildir keçirilən festival Beynəlxalq Şahmat Federasiyasının təqviminə ən yaxşı festival kimi daxil edilib. Hər il festivalda dünya və Avropa çempionları, beynəlxalq reytinqli və istedadlı gənc şahmatçılar iştirak edirlər. Bu da onu göstərir ki, beynəlxalq şahmat ictimaiyyəti festivala mühüm əhəmiyyət verir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkil olunması yarışların uğurla keçirilməsinə əminlik yaradır.

Bildirilib ki, “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalında 14 ölkədən 356 şahmatçı iştirak edir. Festivalda iştirak edən şahmatçılar arasında 20 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta və 15 FİDE ustası vardır.

Sonra şahmat festivalının püşkü atılıb.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

* * *

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

Digər rəsmi xəbərlər

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Statistik Məlumatlar Sisteminin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM
Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM
Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli