Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib.

NUHÇIXAN xəbər verir ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasının həyatında “Duzdağ” Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, kollektiv formalaşmışdır. Sovetlər Birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin müstəqillik illərində “Duzdağ” Fizioterapiya Mərkəzi yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilmişdir. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Kollektiv işini düzgün qurmuş, “Duzdağ” Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir.

Ali Məclisin Sədri deyib: “Duzdağ” Fizioterapiya Mərkəzi bu gün muxtar respublikanın tanıdılması və təbliğində mühüm rola malikdir. Çünki təbii sərvətimiz olan duzdan həm məişətimizdə geniş istifadə olunur, həm də duz şaxtalarında yaradılmış səhiyyə müəssisəsi insanlara şəfa verir. Dünyanın müxtəlif ölkələrindən mərkəzə müraciət edən insanlar hərtərəfli müalicə almaqla yanaşı, eyni zamanda, Naxçıvanı da təbliğ edirlər. Bu da turizmin inkişafına töhfədir. Ölkələr adətən turizmin bir sahəsi üzrə ixtisaslaşırlar. Lakin bu gün Naxçıvan Muxtar Respublikasında turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi inkişaf edir. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası başa çatdıqdan sonra isə bu sahədə imkanlar daha da genişlənəcəkdir. Ona görə də təbii sərvətlərimizdən səmərəli istifadə edilməli, onlar elmi şəkildə öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Qurmaq, yaratmaq işin bir tərəfidir. Əsas məsələ isə qurulanları qoruyub saxlamaq və onlardan səmərəli istifadə etməkdir. Muxtar respublikada sağlamlıq turizminin inkişafı və mövcud potensialın tanıdılması sahəsində ardıcıl tədbirlər görülmüş, internet saytları yaradılmış, bukletlər hazırlanmış və turların təşkilinə başlanılmışdır. “Duzdağ” Fizioterapiya Mərkəzinin elmi şəkildə araşdırılması da buranın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə bundan sonra da Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı elmi-tədqiqat işlərini davam etdirməsi və kitabların nəşr olunması tapşırılmışdır.

Ali Məclisin Sədri Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı apardığı səmərəli tədqiqat işlərinə görə Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevaya təşəkkür edib.

Qeyd olunub ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin gələcəkdə uğurla fəaliyyət göstərməsi bu gün işin düzgün qurulmasından asılıdır. Ona görə də kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və mərkəz bütün dünyada tanıdılmalıdır. Dünyanın bir çox ölkəsində duz şaxtalarından müalicə kimi istifadə olunur. Lakin “Duzdağ” Fizioterapiya Mərkəzinin dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşməsi və təbii havalanma xəstələrdə sağalma faizinin yüksək olması ilə nəticələnir. Mərkəzdə müalicə alan xarici ölkə vətəndaşlarının təəssüratları da bunu bir daha təsdiq edir.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb.

Sonra təltiflər təqdim edilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 22 may tarixli Sərəncamına əsasən “Duzdağ” Fizioterapiya Mərkəzinin əməkdaşlarından 1-i “Əməkdar həkim”, 2-si “Əməkdar tibb işçisi”, 3-ü “Rəşadətli əməyə görə” nişanı, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva isə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri fəxri adları və nişanları təqdim edib.

Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, Təranə Əliyeva, Sevda Həsənova və Zəminə İbrahimova minnətdarlıq edərək deyiblər ki, “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin qeyd olunması əlamətdar hadisədir. Bu münasibətlə təltif olunmağımız isə məsuliyyətimizi ikiqat artırır. Təltif olunanlar göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti adından Ali Məclis Sədrinə minnətdarlıq edərək deyib: “Dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Sinqapurda "Duzdağ" Fizioterapiya Mərkəzi haqqındakı məruzələrim böyük maraqla qarşılanıb. Çünki “Duzdağ” Fizioterapiya Mərkəzi dünyada unikal və analoqu olmayan sağlamlıq müəssisəsidir. Burada müalicə olunan xəstələrdə yüksək nəticə alınır”. Lalə Allahverdiyeva Naxçıvan duzunun müalicəvi əhəmiyyəti ilə bağlı tədqiqat işlərini davam etdirəcəyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli