NUHÇIXAN xəbər verir ki, oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, Azərbaycanda təhsilə qayğının əsası ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş, gənclərin təhsil alması üçün hərtərəfli şərait yaradılmışdır. Ulu Öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafı qayğısına qalmışdır. Bu gün dahi şəxsiyyətin təhsil strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada müasir təhsil şəbəkəsi formalaşdırılmışdır. İstər ümumtəhsil, istərsə də orta ixtisas və ali məktəblər üçün müasir maddi-texniki bazaya malik olan binalar istifadəyə verilmiş, yeni fakültələr və ixtisaslar açılmış, pedaqoji kollektiv formalaşdırılmışdır. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikanın bir çox istiqamətlər üzrə təhsil göstəriciləri ölkə üzrə ümumi orta göstəricidən yüksəkdir. Lakin nəzərə almaq lazımdır ki, təhsilin inkişafında əsas məqsəd təlabata uyğun kadr potensialının yaradılmasıdır. Təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin hazırlanması qarşıda duran əsas vəzifədir. Ona görə də yaradılan imkanlardan səmərəli istifadə olunmalı, ali və orta ixtisas məktəblərinə qəbul diqqətdə saxlanılmalıdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid, Naxçıvan Muxtar Respublikası¬nın Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev və “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev müzakirə olunan məsələ ilə bağlı çıxış ediblər.

Naxçıvan Tibb Kollecinin direktoru Sona Vəliyeva, Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov muxtar respublikanın orta ixtisas məktəblərinə qəbulla bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Bu gün ölkə Prezidenti cənab İlham Əliyev təhsilə Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə kimi yüksək dəyər verir, iqtisadi potensialın insan kapitalına çevrilməsini strateji istiqamət olaraq qarşıya qoyur. Bu siyasət təhsilə yeni və innovativ yanaşma tələb edir. Ölkəmizdə həyata keçirilən təhsil siyasəti insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və həyatda layiqli yer tutmaq, cəmiyyətdə gedən proseslərə düzgün mövqe göstərmək imkanı yaradır. Naxçıvan Muxtar Respublikasında böyük potensiala malik olan təhsil mühiti inkişafın yeni mərhələsindədir. 212 ümumtəhsil məktəbi, 3 ali və 4 orta ixtisas təhsili müəssisəsi və Heydər Əliyev adına Hərbi Lisey təhsilin bütün pillələri üzrə kadr hazırlığına və əhalinin təhsil səviyyəsinin yüksəlməsinə xidmət edir.

Ali Məclisin Sədri deyib: Bu günədək muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbi daxil olmaqla 300-dən çox təhsil müəssisəsi tikinti və yenidənqurmadan sonra istifadəyə verilmiş, təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş, məktəblər ən müasir avadanlıqlarla təmin olunmuşlar. Muxtar respublikanın ümumtəhsil məktəblərində 50 min 590 şagirdin təhsili ilə 6 min 751 müəllim məşğul olur. Ümumtəhsil məktəblərinin informasiya təminatı 6000-ə yaxın kompüter, 650-dək elektron lövhə, laboratoriyalar, fənn kabinələri və digər texniki avadanlıqları əhatə edir. Məktəb kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub. Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda güclü intellektual və kadr potensialının hazırlanmasına şərait yaradır. Bu səbəbdən ötən tədris ilində muxtar respublika üzrə buraxılış imtahanlarının nəticələri Azərbaycan üzrə orta statistik göstəricidən yüksək olmuşdur.

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yeni standartlar çərçivəsində qurulmasını təmin etməli, müəllim hazırlığı işinə diqqəti artırmalı, bilikli, dünyagörüşlü və vətənpərvər gənclər hazırlamalıdır. Həmçinin gənclərin peşə təhsilinə marağının artırılması üçün müvafiq tədbirlər görməli, onların asudə vaxtlarının səmərəli təşkili üçün dərnək və kurslara cəlb edilmələrinə diqqəti artırmalıdır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində 4 istiqamət – texniki, hüquq-mühafizə, tibb və musiqi sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda orta ixtisas təhsili müəssisələrində 1721 tələbə təhsil alır ki, onların təhsili ilə 360 müəllim məşğul olur.

Ali Məclisin Sədri deyib: Ötən tədris ilindən subbakalavrların ali təhsil müəssisələrinə imtahansız seçim imkanı verilməsini nəzərə alaraq orta ixtisas təhsili müəssisələri kadr hazırlığı işinə məsuliyyətlə yanaşmalı, təhsilin keyfiyyətinin artırılmasına çalışmalıdırlar. Yeni dövrün universitetləri təhsil ənənələrini yaşadan, elmi-texniki tərəqqi əsrinin tələblərinə cavab verən təhsil ocağı kimi dövlətin intellekt mərkəzi olmalıdır. İnkişaf etmiş ali təhsil müəssisələrinin əsas göstəricisi onun müasir standartlara cavab verən təhsil səviyyəsi, güclü infrastrukturu, beynəlxalq layihələrdə iştirakı və reytinq cədvəllərindəki mövqeyi olmalıdır. Reytinq cədvəllərində yer tutmağın əsas meyarlarından biri də əcnəbi tələbələrin təhsil üçün həmin universitetləri seçməsidir. Muxtar respublikada fəaliyyət göstərən 3 ali təhsil müəssisəsində təhsil alan 8800 tələbənin 825-i əcnəbidir. Bu səbəbdən Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələri təhsil meyarlarını müəyyən edən beynəlxalq reytinq cədvəllərində yer qazanmaq üçün müraciət etməli, dünya təhsilinə və elminə inteqrasiyanı əsas vəzifə kimi qarşıya qoymalıdırlar.

Qeyd olunub ki, universitetlərin əsas fəaliyyət istiqaməti tədris və təhsili əhatə etsə də, onlar muxtar respublikada elmin inkişafına mühüm töhfələr verməli, kafedralarda elmi tədqiqat işlərinin səviyyəsi dövrün tələblərinə uyğun aparılmalıdır. Magistr və doktorluq proqramlarının istiqaməti muxtar respublikanın elmi problem sahələrini əhatə etməli, qəbul planları qanunvericiliyə uyğun, ehtiyaclar nəzərə alınmaqla hazırlanmalıdır. Ali təhsil müəssisələrində fəaliyyət göstərən Dissertasiya şuraları dissertasiyaların müdafiəsinə qoyulan tələblərə tam cavab verməli, müdafiələrin yüsək səviyyədə təşkilinə, elmi nəticələrin obyektiv qiymətləndirilməsinə nail olmalıdırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu ali təhsil müəssisələri ilə birlikdə elmin inkişafına xidmət edən tədbirlər həyata keçirməli, layihələr hazırlamalı və təqdim etməlidirlər. Ali təhsil müəssisələri universitetlərarası əməkdaşlığa və elmi mübadiləyə geniş yer verməli, birgə konfransların təşkili, ortaq elmi nəşrlərin hazırlanması, tələbə və müəllim mobilliyi prioritet istiqamət kimi müəyyənləşməlidir.

Tapşırılıb ki, təhsil müəssisələri abituriyentlərin ixtisas seçimi məsələsinə ciddi yanaşmalı, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ixtisas seçimlərində üstünlük təşkil etməlidir. 2018-ci ildə 2803 məzundan 1373 nəfəri muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdisə, 2019-cu ildə 2734 məzundan 1355 nəfəri muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib. Buna görə də abituriyent və magistr hazırlığı ilə bağlı nəşr olunan jurnallarda, o cümlədən internet səhifələrində Naxçıvan Muxtar Respublikasındakı ali və orta ixtisas təhsili müəssisələrinin təbliğat işi genişləndirilməli, video çarxların və çap materiallarının yayımına diqqət artırılmalıdır.

Artıq 5 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, ixtisas seçimini tənzimləmək üçün də əlavə imkandır. Nümunəvi dərs keçən müəllimlər şagirdlərdə elmi biliklərə maraq oyatmalı, gənclərə gələcək ixtisas seçimlərində istiqamət verməlidirlər.

Ali Məclisin Sədri deyib: Təhsilin inkişafına təsir edən əsas amillərdən biri də təhsil müəssisələrindəki tədrisin səviyyəsidir. Buna görə də ali və orta ixtisas təhsili müəssisələrində tədrisin kredit sisteminə uyğun qurulması qaydalarına riayət edilməli, tədrisdə informasiya kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməli, elektron tədris vəsaitlərinin hazırlanması, elektron kitabxanaların bazasının zənginləşdirilməsinə diqqət artırılmalıdır. Kadr hazırlığı prosesində təhsil müəssisələri hami təşkilatlarla birgə tədris və istehsalat təcrübələrinin təşkilinə və onlardan səmərəli istifadəyə üstünlük verməlidirlər. Təhsil müəssisələrinin əsas funksiyası yeni biliklərin yaradılması və onların sosial-iqtisadi həyatın bütün sahələrində tətbiq edilməsidir. Elmi-texniki kəşflərin sürətli artımı və onlardan xidmət sahələrində geniş istifadə edilməsi müasir cəmiyyətdə elmi inkişafın səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İxtiralar, innovasiyalar və startap layihələri informasiyalı cəmiyyətin tələblərinə və fəaliyyətinin aparıcı istiqamətinə çevrilməkdədir. Buna görə də ali və orta ixtisas təhsili müəssisələri hami təşkilatlarla birgə innovativ layihələrin hazırlanmasına və qəbuluna diqqəti artırmalıdırlar. Ali Məclis Aparatının aid şöbəsi “Startap Naxçıvan” portalı vasitəsilə layihələrin qəbuluna və istiqamətləndirilməsinə nəzarət etməli, portalın funksiyaları və işləmə mexanizmi barədə ali və orta ixtisas təhsili müəssisələri ilə birgə təqdimatlar keçirməli, portalın işlək fəaliyyəti təmin olunmalıdır.

Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ilinin qəbul imtahanlarının nəticələrinə görə muxtar respublikanın ali təhsil müəssisələrinin 1975 plan yerindən 269-u və ya 14 faizi, orta ixtisas təhsili məktəblərinin 524 plan yerindən 33-ü və ya 6 faizi boş qalıb. Müasirləşən cəmiyyətdə qazanılan bilik və bacarıqlar insan kapitalının əsas iqtisadi resursudur. Yüksək keyfiyyətli təhsil əmək bazarının tələblərinə cavab verən peşəkar kadrlar hazırlayır, öz potensialını inkişaf etdirərək məhsuldarlığı artırmaq imkanı verir, daxili və xarici sərmayədarlar üçün münbit şərait yaradır. Ali və orta ixtisas təhsili müəssisələri muxtar respublikanın əmək bazarının tələblərinə uyğun qəbul həyata keçirməli, proqnozlaşdırma gələcək inkişafa və iqtisadi tərəqqiyə hesablanmalıdır. Buna görə də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ali və orta ixtisas təhsili müəssisələri və Ali Məclisi Aparatının müvafiq şöbəsi ilə birgə qəbul planlarını son illərin qəbul nəticələrinə görə təhlil etməli, verilən ixtisaslar muxtar respublikanın təlabatını tam ödəməli, ali və orta ixtisas təhsili müəssisələrində eyni ixtisaslar üzrə kadr hazırlığı aparılmalıdır. Təhsil sahəsində atılan addımlar gələcəyin perspektivləri üzərində köklənməli, kəmiyyətə deyil keyfiyyətə yönəldilməlidir. 2019-2020-ci tədris ilində qeyd olunan istiqamətlərdə fəaliyyət daha da gücləndirilməli, növbəti tədris ili üçün yeni inkişaf perspektivləri müəyyən olunmalıdır.

“Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksək ixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır”, - deyən Ali Məclisin Sədri çıxışını Ulu Öndərin fikirləri ilə tamamlayıb: “On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.

Digər rəsmi xəbərlər

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Gülşənabad kənd avtomobil yolu yenidən qurulub
Kənd mərkəzi fəaliyyətə başlayıb
Müasir Azərbaycan kəndi – Gülşənabad
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Geriyə
İrəli