Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün milli mətbuatımızın yaranmasından 145 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Eyni zamanda 22 iyul dövlətçilik tariximizdə əlamətdar gün kimi qeyd olunur. 1990-cı il iyulun 20-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Bakıya, iki gün sonra – iyulun 22-də isə Naxçıvana gəlmiş, xilaskarlıq missiyasına buradan başlamışdır.

Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında muxtar respublikanın bütün mətbuat işçilərini və əhalisini təbrik etmişdir.

Ali Məclisin Sədri demişdir: Milli mətbuatımızın əsası 145 il bundan əvvəl qoyulsa da, müstəqil mətbuatımız ümummilli liderimizin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvanda yaradılmışdır. Ulu öndərimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda mətbuatın inkişafı sahəsində əsaslı işlər görülmüş, dövlət-mətbuat münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ümummilli liderimizin yolunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti mətbuatın inkişafına da xüsusi qayğı göstərir. Artıq ölkəmizdə xalqının taleyini, dövlətinin bu gününü və gələcəyini düşünən, dünyada gedən prosesləri təhlil edən, milli mənafeyimizi qoruyan mətbuat ordusu formalaşmışdır. Ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamında da deyildiyi kimi, “Ökəmizdə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”.

Ali Məclisin Sədri demişdir: Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafı sahəsində mühüm işlər görülmüşdür. Bu gün Naxçıvanda “Şərq qapısı”, 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, 1 informasiya agentliyi və onlarla internet informasiya resursları, nəşriyyatlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir ki, bunlar da öz ətrafında 400-ə yaxın jurnalisti birləşdirir. Bu, böyük bir nailiyyət, yaradılan şəraitin, ən əsası isə birgə əməyin nəticəsidir.

Ali Məclisin Sədri muxtar respublikada mətbuatın formalaşmasında və inkişafında əməyi, fəaliyyəti olan bütün jurnalistlərə təşəkkürünü bildirmişdir.

Ali Məclisin Sədri demişdir: Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır. Bu gün muxtar respublikamızda mətbuat orqanlarının səmərəli fəaliyyəti digər media orqanlarının yaranması üçün əsas verir.

Qeyd olunmuşdur ki, muxtar respublikada peşəkar jurnalistlər formalaşdırmaq üçün Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası yaradılmışdır. Bu gün həmin ixtisası bitirən jurnalistlər artıq muxtar respublikanın mətbuat orqanlarında fəaliyyət göstərirlər. Mətbuata qayğı bundan sonra da davam etdirilməlidir. Çünki hər bir dövr haqqında məlumat əldə etmək üçün, ilk növbədə həmin dövrün mətbuatı araşdırılır. Ona görə də jurnalistlər bu günümüzün tarixini yaratmağı bacarmalı, müqayisələr aparmalı, tarixə nəzər salınmalı, keçilən inkişaf yolu təhlil edilməli, milli dəyərlərimiz yaşadılmalı, qəzet və teleradiolar ictimai nəzarət funksiyasını uğurla yerinə yetirməlidirlər. Mətbuat orqanları ictimai nəzarət funksiyasını həyata keçirən təşkilatlardır. “Şərq qapısı” qəzetində “Dünən və bu gün” rubrikasında dərc olunan yazılar, Naxçıvan Dövlət Televiziyasında hazırlanan “Zəhmətkeş” verilişi nümunə gücündədir. Bu gün artıq muxtar respublikada medianın bütün sahələri üzrə jurnalistlər formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yaradıcılıq müsabiqəsinə təqdim olunan materiallar və seçilən qaliblər də bunu bir daha təsdiq etdi.

Ali Məclisin Sədri müsabiqə qaliblərini, xüsusilə birinci yeri tutanları təbrik edərək demişdir: Birinici yerə layiq görülən Mehriban Sultanovanın “Siyasi varislik əzmi” məqaləsi və Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” kitabı peşəkarlıqla işlənmişdir. Bunlar gənc jurnalistlərin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Yaxşı jurnalistikanın əsasını, mətbuatın əsasını publisistika təşkil edir. Buna görə də bu sahədə nailiyyətlərin olması yaxşı nəticədir.

“Muxtar respublikanın mətbuat işçiləri ilə fəxr edirəm”, -deyən Ali Məclisin Sədri Naxçıvanda bütün yaşayış məntəqələrində sürətli internetə və informasiyaya çıxış imkanlarının yaradıldığını bildirmiş, düzgün informasiya siyasətinin həyata keçirilməsində və jurnalistlər arasında varisliyin təmin olunmasında mətbuat işçilərinə uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək demişdir ki, son 3 ildə muxtar respublikanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazalarının gücləndirilməsi məqsədilə 500 min manata yaxın vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin 1 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Bu il yanvarın 13-də Dəstə Radio-Televiziya Verici Stansiyası yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 fevral 2020-ci il tarixli Sərəncamı ilə Radio-Televiziya Ötürücü Mərkəzi Publik Hüquqi şəxsi yaradılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə Radio-Televiziya Ötürücü Mərkəzi Publik Hüquqi şəxsin Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tabeliyinə verilmiş, redaksiyanın yeni nizamnaməsi və ştat strukturu təsdiq olunmuşdur. Mart və iyun aylarında “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin, eləcə də Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşlarına 1 aylıq əməkhaqlarının 50 faizi məbləğində mükafat verilmişdir. “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinin binasında yenidənqurma və təmir işləri aparılmış, yeni havalandırma sistemi qurulmuş, nəşriyyat üçün 76 min manat dəyərində rəngayırma avadanlığı alınıb gətirilmişdir.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə bu il Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə 91 min manat dəyərində 12 adda 22 yeni çəkiliş və efir avadanlığı, eləcə də 2 xidməti və çəkiliş avtomobili alınmış, aprelin 17-də kollektivə təqdim edilmişdir. Eyni zamanda “Şərq qapısı” qəzetinə 3700 manat dəyərində yeni avadanlıqlar alınıb verilmişdir.  Muxtar respublikada fəaliyyət göstərən qəzetlərə maliyyə güzəştləri tətbiq edilir, nəşriyyat xərcləri dövlət tərəfindən qarşılanır. 2020-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin çapı üçün “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyinə 50 min manata yaxın vəsait ayrılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 2020-ci ilin birinci yarısında “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin, Televiziya və Radio Verilişləri Redaksiyasının maliyyələşdirilməsinə 280 min manatdan artıq vəsait ayrılmışdır. Fond tərəfindən fevral-iyul aylarında Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə ümumi mükafat fondu 5800 manat olan yaradıcılıq müsabiqəsi keçirilmiş, müsabiqəyə 48 müəllif tərəfindən 57 material təqdim edilmiş, iyulun 20-də qalib olmuş 12 iştirakçı mükafatlandırılmışdır.

Ülvi Hüseynli demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə 22 iyul Milli Mətbuat Günü münasibətilə muxtar respublikanın kütləvi informasiya vasitələri əməkdaşlarına 1 aylıq əməkhaqlarının 50 faizi məbləğində mükafat verilmiş, eləcə də Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşları Məmmədli Aysun Əsgər qızı və İsmayıllı Razim Rafiq oğlu səmərəli fəaliyyətlərinə və gənc ailə olmalarına görə Babək şəhərindəki yeni yaşayış binasında ikiotaqlı mənzillə təmin olunmuşlar.

Ali Məclisin Sədri yeni mənzilin orderini Aysun Məmmədli və Razim İsmayıllıya təqdim etmiş, xatirə şəkli çəkdirilmişdir.

Aysun Məmmədli demişdir: “Gənc jurnalist kimi fəaliyyətimiz üçün hər cür şərait yaradılıb. Qayğı ilə əhatə olunmuşuq. Lakin hər bir gəncin arzusu mənzil sahibi olmaqdır. Bu gün bizə yeni mənzilin verilməsi həm də gəncliyə göstərilən qayğıdır. Səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, göstərilən etimadı layiqincə doğruldaq”. 

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarmışdır. Bu gün muxtar respublikanın paytaxtının və hər bir rayonun özünün yüksək poliqrafik keyfiyyətlə çap olunan, dövriliyi təmin edilən və müasir iş şəraiti yaradılan mətbuat orqanı vardır. Eyni zamanda Naxçıvan Dövlət Universitetində jurnalistika və kitabxanaçılıq kafedrası fəaliyyət göstərir, hər il onlarla tələbə burada təhsil alır. Ümumilikdə bu ixtisasın ötən dövrdə 200-ə yaxın məzunu olmuşdur. Hazırda 44 tələbə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası üzrə təhsillərini davam etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması, son illər bu sahədə keçirilən müşavirələr və Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələrin icrası dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymuşdur. Rövşən Hüseynov mətbuat işçiləri adından minnətdarlıq etmişdir.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova demişdir ki, böyük maarifçilik ənənələrinə malik Naxçıvanda mətbuatın bir əsrə yaxın qədim və zəngin tarixi vardır. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri, qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi. “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür. Ümummilli liderin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibəsi də qəzetin fəaliyyət tarixində şanlı səhifədir. Son 25 ildə muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə redaksiyanın kollektivi ilə görüşmüş, qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur. Mehriban Sultanova mətbuatın yaxın dostu və himayədarı kimi Ali Məclisin Sədrinə “Şərq qapısı” qəzetinin kollektivi və bütün jurnalist həmkarları adından minnətdarlığını bildirmişdir.

“Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Fizzə Bağırova minnətdarlıq edərək demişdir: “Naxçıvan mediası çoxcəhətli inkişaf yolu keçərək müsir mərhələyə gəlib çatıb. Əgər bu gün Naxçıvanın informasiya blokadasını yardığını qürurla deyə biliriksə, bu reallığın arxasında mediaya gündəlik qayğı dayanır. 2018-ci ildə Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə yaradılan Nuhçıxan İnformasiya Agentliyi muxtar respublikada baş verən hadisələri, ölkə və dünya əhəmiyyətli yenilikləri geniş oxucu və izləyici kütlələrinə çatdırır. Fəaliyyəti dövründə 31 mindən artıq xəbər hazırlanaraq agentliyin saytında yerləşdirilib. Hazırda agentliyin sosial şəbəkə izləyicilərinin sayı 500 mindən, aylıq giriş sayı isə 470 mindən çoxdur. Bu gün Naxçıvan mediasında təmsil olunan gənc jurnalistlərin əksəriyyəti müstəqilliyimizlə həmyaşıddır. Müstəqilliyimizin bəhrələri olan biz gənclər həm də ona görə xoşbəxtik ki, Ali Məclis Sədrinin qayğısı ilə əhatə olunmuş, müasir məktəb və universitetlərdə təhsil almış, yüksək iş şəraiti olan media orqanlarında əmək fəaliyyətinə başlamışıq. Naxçıvanda bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər isə özlüyündə təkcə mütəxəssis hazırlamamış, həm də cəmiyyətimizə minlərlə vətənpərvər vətəndaş qazandırmışdır”. 

Sonra tədbirdə iştirak edən media işçiləri minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio verilişləri Komitəsinin sədri Sahil Tahirli demişdir ki, Naxçıvan mediasının, eləcə də Naxçıvan teleradiosunun inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilir. Bu gün ən müasir yayım və çəkiliş sistemlərinə malik olan Naxçıvan televiziyası və radiosu 19 saat bütün dünyaya yayımlanır, 140-dan  çox ölkədə izlənilir. Hər həftə izləyicilərə rus və ingilis dillərində xəbər buraxılışlarının çatdırılması xarici ölkələrdən izlənməni daha da artırır. Bu hesaba qədim diyarın tarixi-mədəni irsi, turizm potensialı, sosial-iqtisadi həyatı geniş təbliğ edilir. Mediada aparılan tanıtım-təşviqat işlərinin nəticəsi olaraq, qədim diyara xarici ölkələrdən gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artmışdır. Bütün bunlar Naxçıvanda elektron və sosial medianın hərtərəfli inkişafının təzahürüdür. Muxtar respublikada  mediaya yeni yanaşma və onun dövrün çağırışlarına cavab verməsi ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mətbuata qayğı siyasətində varisliyin təmin olunmasının göstəricisidir.

Sahil Tahirli yeni çapdan çıxmış “Yaratmaq amalı” adlı kitabının ilk nüsxəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etmişdir.

Ali Məclisin Sədri Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasında dərs vəsaiti kimi tədris olunmasını tövsiyə etmişdir.

“Şərq qapısı” qəzetinin baş redaktor müavini Mətanət Məmmədova demişdir: “Naxçıvanda mətbuatın bugünkü inkişafı Ali Məclis Sədrinin mətbuata diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bu, mətbuatın inkişafının bir tərəfidir. Mətbuatın bugünkü inkişafının digər tərəfi isə Ali Məclis Sədrinin ümumilikdə muxtar respublikamızın inkişafına diqqət və qayğısı, əzmkarlığı sayəsində mümkün olmuşdur. Çünki bu gün Naxçıvanın ən ucqar kəndlərindən tutmuş müasirləşən şəhərlərinədək hər bir yeri qurulub-yaradılanlar, abadlaşdırılanlar ilə jurnalistlərə yeni-yeni yazılar üçün mövzu verir. əçmkarların HəNaxçıvan artıq 30 ilə yaxındır ki, blokada şəraitində inkişaf və tərəqqi edir”.

Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qahirə Hüseynova demişdir: “Muxtar Respublikamızda mətbuat, kütləvi informasiya vasitələri yeni inkişaf mərhələsini yaşayırlar. Ali Məclis Sədrinin jurnalistlərlə keçirdiyi görüşlər, milli mətbuatımızın yubileylərinə həsr olunan tədbirlər də bu diqqət və qayğının bariz nümunəsidir. Bugünkü görüşün əhəmiyyəti həmçinin onunla bağlıdır ki, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı gününün ildönümünə təsadüf edir. Ulu öndər Naxçıvana qayıtdığı gündən mətbuat nümayəndələri ilə görüşlərə hər zaman böyük önəm vermişdir. O zaman Naxçıvan dünya mətbuatının diqqətində idi. Eyni zamanda Ali Məclisin Sədri də yaradıcı ziyalılara, jurnalist əməyinə yüksək qiymət verir. Bu, muxtar respublikada fəaliyyət göstərən media təmsilçiləri üçün çox qürurvericidir. Qürurverici olmaqla yanaşı, həmçinin biz jurnalistlərin məsuliyyətini də artırır. Bu diqqət və qayğıya görə öz adımdan və həmkarlarım adından dərin minnətdarlığımı bildirirəm”.

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və  kitabxanaçılıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva demişdir: “2001-ci ildə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası açılmış, 2010-cu ildə jurnalist kadrların praktik cəhətdən hazırlanması üçün Media Mərkəzi yaradılmışdır. Media mərkəzi ən son texniki avadanlıqlar, maddi-texniki baza ilə təchiz olunmuşdur. Jurnalistika ixtisasının müvafiq təşkilatlara hamiliyə verilməsi, gənc jurnalistlərin media orqanlarında işə cəlb olunması onların təcrübi cəhətdən hazırlanmasında mühüm addımdır. Təbii ki, Ali Məclis Sədrinin qayğısı ilə jurnalist kadr hazırlığı sahəsində görülən bu işlər dünyada nümunədir. Söz veririk ki, etimadı doğrultmaq üçün daha səy və məsuliyyətlə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev demişdir: Bu gün muxtar respublikada bütün sahələrlə yanaşı, mətbuat da sürətlə inkişaf edir. Blokada vəziyyətində əldə edilən hər bir nailiyyət daha çətin başa gəlir, daha çox çalışmaq, daha çox fədakarlıq etməyi tələb edir. Məhz çəkilən böyük zəhmət hesabına muxtar respublikamız bugünkü inkişafa nail olub. İnkişaf edən sahələrdən biri da mətbuatdır.  Bu gün muxtar respublikanın media qurumlarının maddi-texniki təchizatı ən müasir səviyyədədir. Naxçıvanda Ali Məclis Sədrinin qayğısı ilə müasir dövrün çağırışlarına cavab verən jurnalistlər formalaşıb. Günün nəbzini tutmaq, operativlik, dəqiqlik jurnalistlərin əsas fəaliyyət istiqamətidir”.

“Şərq qapısı” qəzetinin məsul katibi, təcrübəli jurnalist Muxtar Məmmədov demişdir: “Naxçıvan mətbuatında ən böyük qayğını görənlərdən biri də mənəm. 2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubiley mərasimi keçirilərkən mənə mənzil hədiyyə etmisiniz.  Bu, o vaxt idi ki, ölkə Prezidentinin Azərbaycan mətbuatında çalışan jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamına əsasən Bakı şəhərində 5 mərtəbəli binanın tikintisinə başlanılmışdı. Mən qürur duyuram ki, Prezidentin həmin Sərəncamından sonra ölkədə mənzillə ilk dəfə mən təmin olunmuşam. Bu gün iki gənc mətbuat işçisinə yeni mənzilin  təqdim edilməsi həmin qayğının davamıdır”.

“Nuh yurdu” qəzetinin redaktoru Qafar Qərib muxtar respublikamızda mətbuata göstərilən yüksək diqqət və qayğıdan şəhər və rayon qəzetlərinə də pay düşdüyünü bildirmiş, qəzetlərin bütün texniki vasitələrlə - kompüter, printer, fotoaparat və səsyazma cihazı ilə təmin olunduğunu, yüksək poliqrafik keyfiyyətlə oxucuların görüşünə gəldiyini diqqətə çatdırmışdır.

Naxçıvan Dövlət Televiziyasının Xəbərlər redaksiyasının baş redaktoru Səməd Canbaxşıyev demişdir: “1990-cı illərdə bu peşəni seçəndə fikirləşmirdik ki, mətbuatın 145 illiyinə bu qədər əhəmiyyətli hadisələrlə daxil olacağıq. Bu gün təəssüf ki, ölkə səviyyəsində jurnalistikanı hörmətdən salan qeyri-peşəkarlar vardır. Amma Naxçıvan jurnalistikası ümummilli liderin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalaraq fəaliyyət göstərir. Ən əsası dövlətçilik və milli dəyərlərin təbliği, görülən işlər bu gün tamaşaçılara, oxuculara çatdırılır, təbliğ olunur. Bu da Ali Məclis Sədrinin bütün sahələrə göstərdiyi qayğının, əldə olunan inkişafın bəhrəsidir. Naxçıvan jurnalistləri xoşbəxtdir ki, Sizinlə eyni dövrdə yaşayır və gördüyünüz işləri gələcək nəsillərə çatdırmaqla Naxçıvanın bugünkü salnaməsini yaradır”.

Ali Məclisin Sədri tədbirə yekun vuraraq demişdir ki, həyata keçirilən tədbirlər muxtar respublikada informasiya blokadasını yarmışdır. Artıq muxtar respublikada baş verən hadisələr qısa müddətdə bütün dünyada yayılır. Dünyanın müxtəlif ölkələrində yaşayan ekspertlər, tədqiqatçılar Naxçıvanla bağlı məlumatlar əldə edirlər. Muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Hər bir jurnalist isə öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir. 

www.naxcivantv.az