Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali və orta ixtisas məktəblərinin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini ifadə ediblər.

Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, ordu quruculuğu və milli-mənəvi yüksəliş Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Xalqını xoşbəxt görmək, onun milli maraqlarını qorumaq, Vətənini müstəqil etmək Ulu Öndərin həyatının mənası idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq”.

Şəxsiyyəti tarix yaradır. Ümummilli lider Heydər Əliyev isə tarix yaradan, müasir dünyanın siyasi tarixində izini qoymuş böyük şəxsiyyət və dövlət xadimidir. O, qeyri-adi istedadı, dərin zəkası və möhtəşəm dövlətçilik məharəti ilə bütün dünyada Azərbaycan adlı sönməz bir məşəl yandırıb.

Ümummilli Liderimiz öz gücünü xalqından alırdı, xalqına arxalanırdı, xalqına güvənirdi. Onun zəngin siyasi irsinin əsasında da məhz xalq-rəhbər birliyi dayanırdı. Dövləti və xalqı qarşısında müstəsna xidmətlər göstərən xalqımızın böyük oğlu deyirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim dövlətdə mən özüm üçün başqa bir mükafat görmürəm”.

Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti Vətənə xidmət nümunəsidir. 1969-cu ildən başlanan şərəfli missiya - Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialın formalaşdırılması və onu ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəldilməsinə yönəldilməsi, milli kimliyin bərpası və kadr hazırlığına başlanması dahi şəxsiyyətin müstəqil Azərbaycanın gələcəyi üçün həyata keçirdiyi mühüm tədbirlər idi. Həmin dövrdə ölkəmizdə böyük istehsal müəssisələri, zavodlar, fabriklər istifadəyə verildi, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının geniş şəbəkəsi yaradıldı, dərin köklərə malik olan mənəvi dəyərlər bərpa edildi.

Vətəninin, xalqının taleyini öz taleyinə çevirən, Vətənin xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin Naxçıvan dövrü müstəqillik yolunda xüsusi mərhələ təşkil edir. Heydər Əliyevin müdrikliyi, siyasi təcrübəsi və möhkəm iradəsi nəticəsində 1990-1993-cü illərdə Naxçıvan işğaldan qorunub, muxtar respublika üzləşdiyi bütün çətinlikləri dəf edib, bu qədim diyarda müstəqil dövlətçiliyimizin əsasları işlənib hazırlanıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, ilk milli ordu hissələri yaradılıb.

1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider ölkədə ictimai-siyasi sabitliyi təmin edib, sosial-iqtisadi inkişafın əsasını qoyub, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Möhtərəm Heydər Əliyevin ölkəmizdə birinci hakimiyyəti gələcək müstəqillik üçün iqtisadi və milli ideoloji bazanın yaradılmasına hesablanmışdırsa, Azərbaycanda ali hakimiyyətə ikinci qayıdışı MİLLİ QURTULUŞ və müstəqil dövlətçilik tariximizə çevrilmişdir.

“Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm. Həyatımı Azərbaycan torpağında qurub-yaratmağa həsr etmişəm”, - deyən Ulu Öndər bu ali missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətini yaratdı, onun gələcək inkişaf yolunu müəyyənləşdirdi. Milli Qurtuluşdan başlanan bu yol dövlət müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etdi, Azərbaycan davamlı inkişaf və yüksəliş mərhələsinə qədəm qoydu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli sərvətinə çevrilmiş çox dəyərli iki əsəri var: bunlar müstəqil Azərbaycan dövləti və bu dövlətin gələcək inkişaf yolunu müəyyənləşdirən siyasi xətdir. Bu mənada əminliklə demək olar ki, dahi rəhbərin siyasi irsi xalqımızın müstəqillik yolunu işıqlandıran mayakdır. Ümummilli Liderimizin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ümummilli Liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə məhəbbətlərini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Heydər Əliyev siyasi xəttinə dərin sədaqət və bu yolun uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının da kompleks inkişafının əsasını qoyub, muxtar respublika dahi rəhbərin arzuladığı inkişafa qovuşub, etibarlı müdafiə sistemi yaradılıb, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Bu gün Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri aparılır, əhalinin rifahı ilbəil yaxşılaşdırılır, yaşayış məntəqələri müasirləşdirilir, yeni sosial obyektlər, xidmət və istehsal sahələri istifadəyə verilir.

Ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın inkişaf yoludur. Bu yol dünən və bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycana qələbələr qazandıracaqdır. Bu gün biz Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev düşünürük. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”.

Dekabrın 12-də muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Digər rəsmi xəbərlər

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb
“Kəhrəba” Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “BİOWORKS” şirkətinin icraçı direktoru ilə görüşüb
Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Geriyə
İrəli