Naxçıvan, 24 dekabr, NTVxəbər

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə tədbir keçirilib, mərkəzdə yaradılan yeni fondlara baxış olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov çıxış edərək deyib ki, Naxçıvana həsr olunmuş materialların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılıb və mərkəz 1089 adda 2307 nüsxə müxtəlif çap materialı ilə fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə mərkəzin fondları Naxçıvanşünaslığa dair dəyərli kitab, jurnal, qəzet və digər çap materialları ilə zənginləşib. Hazırda mərkəzin ümumi kitab fondunda 3769 nüsxə çap materialı vardır. Ötən dövr ərzində mərkəzin arxiv fondu da Naxçıvanşünaslığa dair arxiv materialları ilə daim zənginləşib. Burada Naxçıvanın ictimai-siyasi, elmi-mədəni həyatını əks etdirən arxiv sənədləri, həmçinin Naxçıvanın tarixini, mədəniyyətini, coğrafiyasını, sosial-iqtisadi inkişafını əks etdirən jurnal və qəzet materialları, xəritə və atlaslar, albom və fotomateriallar, sənədli filmlər toplanıb. Hazırda arxiv fondunda 676 material mövcuddur. Şahin Əliyarov göstərilən diqqətə görə kollektiv adından minnətdarlıq edib, bundan sonra da səylə çalışacaqlarını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ali Məclisin kitabxanasının bazasında yaradılan Naxçıvanşünaslıq Mərkəzinin ötən 5 ildə səmərəli yol keçdiyini, mərkəzdə Naxçıvanla bağlı çap olunan kitabların toplanaraq təbliğ olunduğunu, müxtəlif tədbirlərin keçirildiyini, müzakirələrin və elmi tədqiqatların aparıldığını bildirib, bu münasibətlə kollektivə təşəkkür edərək deyib: Naxçıvanşünaslıq Mərkəzinin yaradılmasında məqsəd qədim Azərbaycan torpağının tarixinə, mədəniyyətinə və təbiətinə aid kitabların, eləcə də Naxçıvanın qədim türk torpağı olduğunu təsdiq edən sənədlərin toplanması və təbliğini həyata keçirməkdən ibarətdir. Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, ali, orta ixtisas və peşə təhsili müəssisələri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə tədqiqatlar aparılır, kitablar nəşr olunur, yeni sənədlər üzə çıxarılır, qərarlar qəbul olunur. Bu materialların bir mərkəzdə toplanması və təbliği vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyəti də məhz bu istiqamətdə qurulmuşdur.

Ali Məclisin Sədri deyib: Naxçıvanın qədim tarixi və bu günü haqqında materialların toplanması və gələcək nəsillərə çatdırılması Naxçıvanşünaslıq Mərkəzinin qarşısında duran əsas vəzifədir. Mərkəzdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, elektron oxu zalı və internet saytı istifadəyə verilmişdir. Muxtar respublikada fəaliyyət göstərən dövlət təşkilatları, elm və təhsil müəssisələri tərəfindən nəşr olunan kitablar, eləcə də digər sənədlər mərkəzdə onlar üçün yaradılmış fondlarda yerləşdirilir. Bu da elm, təhsil və yaradıcılıq təşkilatlarının illik fəaliyyəti haqqında dolğun məlumat almağa imkan verir. Ona görə də Naxçıvanşünaslıq Mərkəzinin formalaşmasında və işinin təşkilində muxtar respublikanın aid dövlət təşkilatları, elm və təhsil müəssisələri yaxından iştirak etməlidirlər. Naxçıvanşünaslıq Mərkəzi bundan sonra da alim və tədqiqatçılar üçün açıq olmalı, mərkəzdə toplanan kitab və digər çap məhsulları mütəmadi olaraq internet üzərindən təbliğ olunmalı və yayılmalıdır. Fəaliyyətin bu istiqamətdə qurulması Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, müasir inkişafı və qədim Azərbaycan torpağı olması ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasına imkan verəcəkdir.

“Naxçıvan tarixinin tədqiq olunması, öyrənilməsi və təbliği eyni zamanda Azərbaycan tarixinin, elminin araşdırılması və öyrənilməsi deməkdir. Bu mənada Naxçıvanşünaslıq təkcə bir regionun deyil, ümumilikdə Azərbaycanın qədim tarixini, elmini, təbiətini, mədəniyyətini və yaradıcılıq sahələrini öyrənən və tədqiq edən mərkəzdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvanşünaslıq Mərkəzi bundan sonra da aid dövlət orqanları, yaradıcılıq təşkilatları, elm və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət göstərməli, Naxçıvanla bağlı nəşr olunan kitablar burada toplanmalı və müzakirə olunmalı, geniş təbliğ edilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib, Naxçıvanşünaslıq Mərkəzində yaradılan yeni fondlara baxıb, mərkəzin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, Ali Məclis Sədrinin tapşırığına əsasən mərkəzdə dövlət orqanlarının, elmi müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin və yaradıcılıq təşkilatlarının nəşrlərindən ibarət 4 yeni fond yaradılıb. Dövlət orqanları tərəfindən nəşr olunan çap materiallarının fondunda ümumilikdə 2332 çap materialı, elmi müəssisələrin nəşrlərindən ibarət fondda 582 çap materialı, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən nəşr olunan çap materiallarının fondunda 523 çap materialı, yaradıcılıq təşkilatları tərəfindən nəşr olunan çap materiallarının fondunda isə 332 nüsxə kitab vardır. Fondların hər birində kitablar təsnifatına uyğun olaraq yerləşdirilib, onların elektron variantı yaradılıb. Mərkəzin surətköçürmə otağında 1281 adda kitabın surəti köçürülərək elektron formatı yaradılıb və mərkəzin internet saytına daxil edilib. İstifadəyə veriləndən bu günə qədər mərkəzin saytına 11 min 843 müraciət olub. Hazırda mərkəzin ümumi kitab fondundakı çap materiallarından 2802-si kitab, 29-u miniatür kitab, 694-ü jurnal, 104-ü avtoreferat, 65-i dərs proqramı və 75-i isə cildlənmiş qəzetlərdir. Ötən dövrdə mərkəzdə 231 açıq dərs keçirilib, dərslərdə 4571 dinləyici iştirak edib. Hazırda mərkəzin qeydiyyat şöbəsində 740 oxucu qeydiyyatdadır.

Ali Məclisin Sədri fondların daha da zənginləşdirilməsi, burada toplanan kitabların və digər sənədlərin mərkəzin internet saytı vasitəsilə mütəmadi təbliğ olunması və gənclərin iştirakı ilə Naxçıvanşünaslığa aid açıq dərslərin keçirilməsi barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanıb
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Ali Məclisə yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Naxçıvanda sosial müdafiə sahəsində idarəetmə təkmilləşdirildi - FƏRMAN
Naxçıvanda bəzi mərkəzi icra hakimiyyəti orqanları yenidən təşkil edildi - FƏRMAN
İlkin Abdullayev vəzifəsindən azad edildi - SƏRƏNCAM
Ordubad rayonunda Uşaq Xəstəxanası yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasında Yeni İl şənlikləri keçirilir
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olunub
Naxçıvan Qarnizonunun Hərbi Hospitalına bayram sovqatı aparılıb
Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib
Ali Məclisin Sədri Fərman imzalayıb
Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək
Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək
Böyükdüz kənd avtomobil yolu yenidən qurulub
Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində
Naxçıvanda bir sıra səhiyyə işçilərinin əməkhaqqı 50 faiz artırıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb
Ali Məclisin Sədri Sərəncam imzaladı
Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi təsdiq edilib - FƏRMAN
Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi təsdiq edilib - FƏRMAN
Duzdağda yeni şaxta istifadəyə veriləcək
Geriyə
İrəli