Yanvarın 17-də Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Dövlət Universitetinin Xarici tələbələrlə iş üzrə dekan müavini, elektron təhsil portalının adminstratoru Hüseyn Qasımov distant təhsil proqramı haqqında məlumat verib.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində distant formada təhsil almaq istəyən xarici tələbələr universitetin ndu.edu.az saytına müraciət edərək “Distant təhsil” bölməsinə daxil olmalıdırlar. Tələbələr burada distant təhsil haqqında məlumatlar və qəbul qaydaları ilə tanış olduqdan sonra tələb olunan sənədləri elektron formada universitetə göndərməlidirlər. Müraciət qəbul olunduqdan sonra tələbənin elektron poçtuna müvafiq məlumat göndərilir, qeydiyyatdan keçən hər bir tələbəyə proqram tərəfindən fərdi identifikasiya nömrəsi verilir və ona şəxsi kabinet ayrılır. Bu da tələbələrə məzun olduqdan sonra da öz istifadəçi adı və şifrəsi ilə sistemə daxil olmasına və təhsil sənədlərini əldə etməsinə imkan verəcəkdir. 

Çoxfunksiyalı distant təhsil proqramında dərslər offlayn və onlayn rejimdə tədris olunacaqdır. Tədris planları, ixtisaslar və müəllimlər haqqında məlumatlar sistemə yüklənib, müəllimlərin mühazirələrinin elektron variantı və video-dərslər hazırlanıb. Distant təhsilə cəlb edilən müəllimlər seçilib və onlara portaldan istifadə haqqında təlimlər keçirilib, müəllimlərin distant təhsil proqramından istifadə qaydaları ilə bağlı təlimat hazırlanıb. Keçirilən dərslərin yaxşı mənimsənilməsi üçün elektron kitabxana portalı proqrama inteqrasiya edilib. Tələbələr əvvəlcədən dərs proqramları, müəllimin verdiyi tapşırıqlar və mühazirələrlə tanış ola, həm offlayn, həm də onlayn rejimdə sual-cavab apara bilərlər. Həmçinin istifadəçilər arasında diskussiyalar təşkil etmək, onlayn sorğu və müzakirələr aparmaq mümkündür. Tələbələr video və yazılı formada təqdim edilən dərsləri öz kompüterinə yükləmək və istənilən vaxt yararlanmaq imkanına da malikdirlər. İmtahanlar da onlayn formada aparılır və nəticələri barədə tələbələrə məlumat verilir. Distant təhsil üzrə məzunlara Azərbaycan və ingilis dillərində təhsili bitirmək haqqında elektron sənəd təqdim olunur.

Tələbələr istənilən ölkədən kompüter, mobil telefon və planşetlər vasitəsilə Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinə qoşula bilərlər. Təqdimat zamanı tələbələr müxtəlif məkanlardan kompüter və mobil telefon vasitəsilə Distant Təhsil Mərkəzinə qoşulublar.

Sonra Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi ilə tanış olub.

Bildirilib ki, mərkəz Xarici tələbələrlə iş üzrə dekanlığın nəzdində fəaliyyət göstərir. Mərkəzdə auditoriya yaradılıb, 1 noutbuk, 2 kompüter, tribuna və proyektor quraşdırılıb. Distant təhsil üzrə tələbə qəbulunun aparılması, dərslərin yazılması, tədrisin idarə olunması ilə bağlı işçi qrupu yaradılıb, işçi qrupun üzvləri Türkiyənin Ərzurum Atatürk Universitetində və Ankara Qazi Universitetində təcrübədə olublar. İlkin mərhələdə xarici dil müəllimliyinin ingilis, fransız, alman və rus dilləri olmaqla 4 ixtisas üzrə distant təhsilin aparılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi muxtar respublikanın həyatında əlamətdar hadisədir. Distant Təhsil Mərkəzi Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunun nəticəsidir. 13 il bundan əvvəl keçirilən “Elektron Naxçıvan-1” konfransında Naxçıvan Dövlət Universitetinin kompüterləşməsi proqramının əsası qoyulub və bu gün Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi ilə başa çatıb.  Bu gündən etibarən isə universitetdə distant təhsilin tətbiqinə başlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, distant təhsil Naxçıvan Dövlət Universiteti ilə yanaşı, muxtar respublikanın digər ali və orta ixtisas məktəblərində də tətbiq edilməlidir.

Ali Məclisi Sədri deyib: Naxçıvan Dövlət Universiteti uğurlu inkişaf yolu keçib. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb. Bu gün isə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə Naxçıvan Dövlət Universitetində distant təhsilin əsası qoyulur. Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi vacib məsələdir. Çünki bu, Naxçıvan Dövlət Universitetinin dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirəcəkdir. Eyni zamanda distant təhsilin tətbiqi müəllimlərin dərs saatının və əməkhaqqının artırılmasına da təsir göstərəcəkdir. Hazırda Naxçıvan Dövlət Universiteti 58 ixtisas üzrə bakalavr təhsili verir. Bu gündən etibarən isə 4 ixtisas üzrə distant təhsil həyata keçiriləcəkdir. Ona görə də mərkəzdə yaradılan şəraitdən düzgün istifadə olunmalı, ixtisasların sayı və  müəllimlərin hazırlıq səviyyəsi artırılmalı, tədris olunan ixtisaslar üzrə ədəbiyyatlar hazırlanmalı, Distant Təhsil Mərkəzi beynəlxalq təhsil sistemində tanıdılmalıdır.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb. 

Digər rəsmi xəbərlər

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik  fəaliyyətə başlayıb
Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İranın Xarici İşlər Naziri ilə görüşüb
Ordubad dəmir yolu stansiyası kompleks  quruculuq işlərindən  sonra istifadəyə verilib
Naxçıvanda azərbaycanlıların soyqırımının  100-cü ildönümü qeyd edilib
Naxçıvanda Novruz iməciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib
Kəngərli rayonunda yeni qapalı  suvarma şəbəkəsi qurulacaq
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Naxçıvanda sahibkarlarla  görüş keçirilib
Şərur rayonunun Ərəbyengicə kəndi müasir və abad yaşayış məntəqəsinə çevrilib
Sədərək rayonunda icbari tibbi sığortanın  tətbiqinə başlandı
Naxçıvan Muxtar Respublikası investisiya  reytinqinin lideridir
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci  ildönümü qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi istifadəyə verilib
Geriyə
İrəli