Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqini hazırlayıb.

Azərbaycan regionlarının investisiya reytinqinin lideri ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası olub.

Naxcivantv.az xəbər verir ki, yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası davamlı inkişaf yoluna qədəm qoyub. İqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edib. Ümumi daxili məhsulun həcmi artaraq 2 milyard 701 milyon 663 min manat olub, 2017-ci ildə 967 milyon manatdan artıq sənaye məhsulu istehsal edilib. Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb. Muxtar respublikada 372 növdə məhsulun istehsal olunması, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Son illər güzəştli dövlət maliyyə dəstəyi ilə müasir texnologiyalara əsaslanan 254 heyvandarlıq, 84 quşçuluq, 15 balıqçılıq, 104 arıçılıq, 65 bağçılıq, 8 üzümçülük təsərrüfatı, ümumi tutumu 14 min ton olan 31 soyuducu anbar, ümumi sahəsi 128 min 162 kvadratmetr olan 21 istixana kompleksi, 19 taxıl еmalı müəssisəsi yaradılıb.

Qeyd olunub ki, məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə son illər rayon və kəndlərdə 714 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Bütün bunların nəticəsidir ki, 2017-ci ildə ümumilikdə aqrar sektorda 453 milyon 365 min manatlıq məhsul istehsal olunub. Ümumilikdə, son illər muxtar respublika iqtisadiyyatına 8,5 milyard manatdan çox investisiya yönəldilib, 12 mindən çox müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Əvvəllər muxtar respublikada cəmi bir elektrik stansiyası vardısa, bu gün enerji istehsalı müəssisələrinin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Ötən il müasir yol infrastrukturunun inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib, 70,5 kilometr uzunluğunda avtomobil yolları salınıb, 12 körpü tikilib və ya yenidən qurulub, muxtar respublikaya xarici ölkələrdən 410 mindən çox turist gəlib. Haliyədə muxtar respublikanın yaşayış ərazilərinin 98 faizi genişzolaqlı, 99 faizi isə simsiz internet xidməti ilə təmin olunub, 4G mobil rabitə xidməti istifadəyə verilib. 2000-ci ildən ötən dövr ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1244 layihənin maliyyələşdirilməsinə 136 milyon 182 min manatdan çox güzəştli kreditlər ayrılıb. 2003-cü ildən ötən müddətdə muxtar respublika üzrə 71 mindən artıq yeni iş yerləri yaradılıb. Bu müddət ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 1995-ci illə müqayisədə 24,2 dəfə artaraq 2017-ci ildə 459 milyon 889 min ABŞ dollarına çatıb, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yaranıb, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələri aparılıb.

“Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev Naxçıvan Muxtar Respublikasının investisiya reytinqində ilk yeri tutmasını və bununla bağlı tədbirin Heydər Əliyev Muzeyində keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Qeyd olunub ki, “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Xüsusilə muxtar respublikada  alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması, yüksək standartlara uyğun yeyinti məhsullarının istehsal olunması, müasir turizm infrastrukturu, biznes və investisiya mühiti üçün yaradılan şərait ekspertlər tərəfindən düzgün idarəetmənin nəticəsi kimi dəyərləndirilib.

Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və  biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə “Caspian European Club”un mükafatını təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi  təmin  olunub. Ölkəmiz  inkişaf  edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlar Azərbaycanın hər bir bölgəsini əhatə edib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu və icra olunması ölkəmizdə tikinti-quruculuq işlərinin həcmini xeyli artırmış, sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ötən dövrdə istifadəyə verilən məktəb binaları, olimpiya  idman kompleksləri, xəstəxanalar, salınan yollar, yaradılan yeni istehsal müəssisələri, açılan yüz minlərlə iş yerləri bir daha göstərir ki, Azərbaycanda inkişafın mərkəzində insan amili dayanır. Naxçıvan Muxtar Respublikasının inkişafı da ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Qeyd olunub ki, bu gün Ümummilli Liderimizin arzuları ölkə Prezidentinin diqqət və qayğısı ilə həyata keçirilir. 25 ildən artıq bir dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada sabitlik və inkişafa nail olunub, etibarlı müdafiə sistemi yaradılıb. Daxili imkanlardan səmərəli istifadə və həyata keçirilən iqtisadi islahatlar nəticəsində ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Şəhər və rayon mərkəzlərindən ən ucqar dağ və sərhəd kəndlərinə qədər, bütün yaşayış məntəqələri qazlaşdırılıb, mənzillərə fasiləsiz elektrik enerjisi verilir, əhaliyə dayanıqlı rabitə və sürətli internet xidməti göstərilir.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin qayğısı ilə bu gün Azərbaycanın bütün regionlarında davamlı inkişaf təmin edilib. Sağlam rəqabət mühiti formalaşıb. Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkənin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, Ümummilli Liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərdə əməyi olan bütün muxtar respublika sakinlərinə, sahibkarlara və dövlət qulluqçularına, əmin-amanlığın təmin olunmasındakı xidmətlərinə görə hüquq-mühafizə orqanlarına, ordu, birləşmə və hissələrin şəxsi heyətlərinə təşəkkür edib.

Ali Məclisin Sədri sağlam rəqabət mühiti formalaşdırdığına, nəticələrin düzgün qiymətləndirilməsinə görə “Caspian European Club”a da təşəkkür edib və əminliyini bildirib ki, reytinqin nəticələri muxtar respublikada yeni investisiyalar üçün geniş imkanlar açacaq, Naxçıvan Muxtar Respublikası bundan sonrakı illərdə də Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.

Muxtar respublika ictimaiyyəti və ziyalılar adından çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev deyib ki, Naxçıvan ölkəmiz üçün həmişə strateji əhəmiyyətli bir diyar olub. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil üstün yer tutub. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın bütün regionları kimi, Naxçıvanın da hərtərəfli inkişafına daim diqqət yetirib və hər səfərində burada aparılan işlərin yüksək səviyyədə və zövqlə görülməsini dəfələrlə vurğulayıb.

İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın ictimaiyyəti və ziyalıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün investisiya reytinqində yüksək bal toplayaraq ilk yeri tutması burada aparılan davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsidir. Ziyalılar və elmi müəssisələrin işçiləri sadə adamlarla tez-tez ünsiyyətdə olurlar. Xoşdur ki, bütün sahələrdə, o cümlədən sosial sahələrdə həyata keçirilən tədbirlər insanlarda əminlik yaradır. Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Bu gün səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri, mürəkkəb cərrahiyyə əməliyyatları aparılır ki, 20 il bundan əvvəl biz bunları ancaq arzu edə bilərdik. Muxtar respublikada 200-dən çox təhsil müəssisəsi yenidənqurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Muxtar respublikada təhsil sahəsində görülən işlərin nəticəsidir ki, ölkəmizin ali təhsil sistemində ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Təhsil Mərkəzləri yaradılıb. Akademiyanın Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında distant dərslər keçirilir, elmi dərəcəli müəllimlərin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil olunur. 90-cı illərin ortalarında Naxçıvan Muxtar Respublikasında cəmi 4 elmlər doktoru, 162 fəlsəfə doktoru vardısa, hazırda 2 akademik, akademiyanın 9 müxbir üzvü, 40-dan çox elmlər doktoru, 300-ə yaxın fəlsəfə doktoru fəaliyyət göstərir. Milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına böyük diqqət göstərilib, 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınıb və pasportlaşdırılıb, 60-dan çox tarix və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa edilib. Muxtar respublikanın inkişaf və quruculuq mərhələsinə gəlib çatması asan başa gəlməyib. Görülən işləri gözlərimiz önünə gətirdikdə böyük zəhmət, düşünülmüş siyasət, düzgün və ədalətli idarəetmə, uzaqgörənlik, ümummilli lider Heydər Əliyev ideyalarına sadiqlik görürük. Budur Naxçıvan Muxtar Respublikasını inkişafa qovuşduran əsas amillər.

İsmayıl Hacıyev əldə edilmiş yüksək nailiyyətlərə görə muxtar respublikanın ictimaiyyəti adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

 

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvan şəhərində yeni sənaye müəssisəsi istifadəyə verilib
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub
Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub
Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub
Naxçıvanda yaz iməcilikləri davam edir
Naxçıvanda Duz Muzeyi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin  yeni inzibati binası istifadəyə verilib
Nehrəm İmamzadəsi bərpa olunub
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib
Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik  fəaliyyətə başlayıb
Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  İranın Xarici İşlər Naziri ilə görüşüb
Ordubad dəmir yolu stansiyası kompleks  quruculuq işlərindən  sonra istifadəyə verilib
Naxçıvanda azərbaycanlıların soyqırımının  100-cü ildönümü qeyd edilib
Naxçıvanda Novruz iməciliyi keçirilib
Naxçıvan Muxtar Respublikası  Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları gətirilib
Kəngərli rayonunda yeni qapalı  suvarma şəbəkəsi qurulacaq
Naxçıvanda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə  tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Naxçıvanda bu ilin ilk iməciliyi keçirilib
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının  xatirəsi yad edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Naxçıvanda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə tədbir keçirilib
Geriyə
İrəli